top
Bərbad yollar, dizdən zibil, qaranlıq küçələr-Şimalın acı reallığı
06 dekabr 2024, 12:04
- +

Bərbad yollar, dizdən zibil, qaranlıq küçələr-Şimalın acı reallığı

Azərbaycanın bütün bölgələri, regionları hər bir azərbaycanlı üçün doğmadır, əzizdir. Buna heç kəsin şübhəsi yoxdur. Amma elə bölgələr var ki, onlar ölkənin giriş qapısı, sərhəddən Azərbaycana keçənlərin ilk qarşılaşdığı bölgələrdir. Adətən deyilir ki, ilk təəssürat önəmlidir. Bax, işin əsas məğzi də budur ki, şimaldan ölkəyə daxil olanlar problemlər içində itib-batan, yolları çala-çuxurlu, işıqsız və qazsız kəndləri olan Şimal regionundan keçir. Əgər qonağın tez-tez işıq problemləri olan Şimaldan axşam saatlarında keçdiyini də düşünsək, işıqlı dünyadan qaranlıq dünyaya keçdiyini, özünü 21-ci yox, 19-cu əsrdə saydığını da ürək ağrısı ilə etiraf etmək olar. Çünki ilk mənzərə, ilk qarşılaşma sənə yad olan, nabələd olan ölkə barədə az-çox təəssürat yaratmağa, fikir formalaşdırmağa xidmət edir. Tarixi, mədəniyyəti, təbiəti, zənginlikləri, adət-ənənələri, əhalisinin qonaqpərvərliyi ilə ad çıxarmış Şimal regionunun dövlət qurumları nə düşünür? Onların işi-peşəsi sadəcə maaş almaq, xəbər portallarında gedən şikayət və problemlərə aid açıqlama verib “problem həll edildi” tipli açıqlamalar yaymaqdır? Əgər bir qurum yerli problemdən sayt, xəbər portalı vasitəsilə məlumatlanırsa, vay onun halına! Necə deyərlər, yengəsi Gülüm olanın, başına külüm olar!

Bəs, zəngin təbiəti olan və turizm potensialı çox yüksək qiymətləndirilən Şimal regionuna bu biganə, ögey münasibətin kökündə nə yatır? Əsla düşünməyin ki, digər bölgələrdə vəziyyət gül-çiçəkdir, bülbül gülü çağırır. Əsla!  Günün istənilən saatında xəbər portallarına göz atmaq kifayət edir ki, regionlardakı məsul qurumların necə “ürəkdən” və “fəal” işlədiyinə əmin olasan. Aşağı-yuxarı eyni vəziyyət bütün bölgələrdə müşahidə edilir. Deyəsən, yerli idarəetmə orqanları “Bağdadda kor xəlifə, burada mən” misalını deviz tutaraq “işləyirlər”. Şimal regionunda işıq, qaz, məktəb, yol, zibil problemi nəinki yerli sakinləri, hətta hər gün bu barədə şikayət yazan jurnalistləri də təngə gətirib. Amma dövlət qurumlarının deyəsən vecinə də deyil. Shimal.News redaksiyasına hər gün onlarla problem, şikayət daxil olur və ən çox da bu cümlə ilə rastlaşılır “müvafiq qurumlara müraciət edilsə də, dərdimizə çarə qılan yoxdur”. Bu cümlədəki çarəsizliyi, ağrını, bitmiş-tükənmişliyi biz jurnalist olaraq hiss ediriksə, görəsən isti kabinetlərdə, dəri üzlü kreslolarda əyləşən məmurlar niyə hiss etmir? Əgər problem tərəfimizdən işıqlandırıldıqdan sonra hərəkətə keçilirsə, yüzlərlə işçi bu qurumlarda nəyə lazım? Burunlarının dibində olan problemi görmürlərsə, niyə maaş alsınlar ki? Bu, suallar açıq olacaq qalacaq. Keçək, Şimal bölgəsində tüğyan edən əsas problemlərə:

Məlikməmmədin qaranlıq dünyası yoxsa Şimaldakı işıq problemi?

Ümumiyyətlə, Şimal bölgəsində yaşayan sakinlərin ən çox üzləşdiyi problemlərdən biri elektrik enerjisinin verilişi ilə bağlıdır. Köhnə işıq dirəkləri, ordan-burdan qopub sallanan xətlər, tez-tez yaranan fasilələr sakinləri təngə gətirib. Məsələn, Xaçmazın İzmaylovka yaşayış məntəqəsində bəzən gün ərzində 5-6 saat işıqsız qalmaq mümkündür. Bu, insan həyatını çətinləşdirir. Gündəlik həyatımızda elektrik enerjisinin rolu və vacibliyi barədə deyəsən təkcə müvafiq qurumlar məlumatsızdır. 21-ci əsrdə, bölgədə işıqsız qalmaq insanlara mənəvi və maddi ziyan vurur. Soyuq havaları da nəzərə alsaq, bu insanların evlərini necə isitdiklərini, soyuducuda xarab olan ərzaqlarını, dünyadan xəbərsiz olmalarını, uşaqların əyləncəsiz qalıb şam və lampa işığı ətrafında oturmasını düşünəndə bir anlıq orta əsr həyatı yaşadıqlarını biz dərk etsək də, “Azərişıq” dərk etmir ki, etmir. Məlikməmmədi qaranlıq dünyadan işıqlı dünyaya Simurq quşu çıxarsa da, İzmaylovka sakinlərinin ümidi tükənmək üzrədir. Hələ bu problem təkcə Xaçmazda olsa, dərd yarıdır. Quba, İsmayıllı, Şabran, Qusar kimi rayonların kəndlərindən də hər gün bu qəbildən şikayətlər var. Məncə problemdən yeganə çıxış yolu müvafiq idarənin əməkdaşlarını belə şəraitdə çox yox, bircə ay yaşamağa məcbur etməkdir. O zaman yarıtmaz işləri nəticəsində insanlara hansı əziyyəti verdiklərini anlayarlar.

Adı olub özü olmayan yollar

Şimal bölgəsi sakinlərini ən çox narahat edən məsələlərdən biri də yol problemidir. Yolun adı olsa da, özünə rast gəlmək samanlıqda iynə axtarmağa bənzəyir. Dərd orasındadır ki, bu problem kəndlərdən savayı Quba, Şabran, Xaçmaz kimi şəhərlərdə də ciddi başağrıya çevrilib. Məsələn, Qubanın, hansı ki, xanlığın paytaxtı olub, Fətəli xan, Azərbaycanın ilk rəssam qadını Reyhan Topçubaşova, alim Əliheydər Orucov, akademik Azad Nəbiyev, səsi dillərə dastan Fatma Mehrəliyeva, Afaq Bəşirqızı, professorlar Maqsud Hacıyev, Vaqif Arzumanlı, Məcnun Babayev kimi yüzlərlə məşhur sima yetişdirən Qubanın 10 mərkəzi küçəsi bərbad vəziyyətdədir. Azərbaycanda alma, dağ turizmi, təmiz hava deyiləndə ilk ağla gələn şəhər olan Qubanın mərkəzi küçələrindən gedir söhbət! Həftədə ən azı 2-3 dəfə ərəbdilli mətbuatda Qubaya səfərlə bağlı məqalələr dərc edilir, ərəb turistlərə bu regionun gözəlliyi, mətbəxi təriflənir. Belə bir turizm potensialı olan şəhərin yolları isə bərbad vəziyyətdədir. Uzun illər təmir edilməyən küçələrdə elə iri çuxurlar əmələ gəlib ki, yağış mövsümündə buradan keçməyə hər oğul ürək eləmir. Batmaq, boğulmaq təhlükəsi ilə üzləşmək an məsələsidir. Amma qurumlar nə edir? O çuxura yığılan su kimi, ağızlarına su alıb susurlar. İcra nümayəndəsi 2022-ci ildə təmirlə bağlı söz versə də, aradan keçən 2 il ərzində nə bir araba qum, nə də bir “lapatkə” asfalt gətirib çuxurlara tökəni görən olmayıb. Problem elə problem olaraq qalır. Mən Quba icra hakimiyyətinə təklif edərdim ki, bu çuxurlardan maraqlı şəkildə istifadə etsinlər. Bura balıq kürüləri töküb, yetişdirmək, elə yaxınlıqdakı Quba bazarında satışa çıxarmaq olar. Üstəlik, turizm şəhəri olan Qubaya axın edən turistlərə də maraqlı turpaket kimi bu çuxurları göstərmək, hətta pul müqabilində tilov verib çuxurdan balıq tutmağı təklif etmək olar. Necədir? Məncə ağlabatandır! Öz aramızdır, bunu startap kimi satmaq da olar.

Zibillikdə vəd verənlər və ya vədinə xilaf çıxanlar

Şimal bölgəsi, xüsusən də Şabran şəhəri zibillikdən əziyyət çəkir. Hə, yanlış oxumadınız, konkret olaraq xirtdəyə yığılan zibil sakinləri təngə gətirib. İş o həddə çatıb ki, rayon mərkəzlərinin ara yolları ilə yanaşı, küçələri, prospektləri də vaxtında yığılmayan zibilə görə zəlil günə qalıb. Ətrafa yayılan qoxu, zibillikdə eşələnmək üçün dəstə-dəstə təşrif buyuran it sürüləri yerli sakinlərin əsəblərini tarıma çəkib. İşin maraqlı tərəfi odur ki, hər dəfə Shimal.News məsələni işıqlandırandan sonra Şabran icra hakimiyyəti hərəkətə keçir, müvafiq küçə və ərazini təmizləyir. Yaxşı, biz yazıb siz təmizləyəcəkdinizsə, o qədər əməkdaşı niyə saxlayırsınız? Burnunuzun dibindəki zibili görməyib gözünüzü sayta dikməkdənsə, arada rayonu, küçələri, kəndləri gəzin. Hə, bir də unutmadan demək lazımdır ki, ötənlərdə icra hakimiyyəti elə xəbər portalı ilə siçan-pişik oyununa keçdi. Məsələ burasındadır ki, 27 noyabr tarixində dərc olunan xəbərdə Şabranın Məhəmməd Əsədov küçəsindəki antisanitar vəziyyət barədə məlumat verilib. Xəbər yayıldıqdan sonra İcra hakimiyyəti açıqlama verərək, ərazinin təmizləndiyini bildirsə də, bölgə müxbiri tərəfindən göndərilən videoda heç bir çöpün də ərazidən götürülmədiyi sübut edildi. Yaxşı, deyək ki, icranın əməkdaşı bizi aldatdı, Şabran sakinlərini aldatdı. Bəs vicdan? Vicdanı aldatmaq, Yaradana yalan danışmaq mümkündürmü? Görəsən bu yalan açıqlamanı verən şəxsin sonradan vicdanı sızıldadımı? İnanmaq istəsəm də, özümü aldatmaq kimi bir şakərim yoxdur.

Mən hələ bu yazıda Şimal regionundakı problemlərin cüzi bir hissəsinə toxundum. Əgər bütün problemləri yazsam, buna nə vaxt, nə də kağız çatar. Ümid edək ki, nə vaxtsa problemlər azalacaq, məmurlar xalqın içinə çıxıb problemləri həll edəcək, insanların dərdinə çarə olacaqlar. Axı, Şimal bizim qapımızdır! Şimal bizim tariximiz, turizm regionumuzdur! Axı Şimal bizim bərəkətli bağları, əkin-biçin sahələri olan regionumuzdur! Bu insanların problemini həll etmədikcə, regionun hansı inkişafından danışmaq olar? Kənddən şəhərə axının qarşısını necə almaq olar? Məncə indi papaqla məsləhətləşmək vaxtıdır ki, sonra gec olmasın. Elə ən geci bu gün, dövlət qurumları papaqlarını qarşılarına qoyub düşünsünlər. Düşünsünlər ki, necə edək ki, problem, dərd-sər azalsın, insanlar rahat həyat yaşasınlar. Çünki indi düşünməsələr, sonra gec olacaq. Niyə gec olacağını nə mən deyim, nə də siz düşünün. Qoy, bunu düşünməli olan düşünsün!

Fəxrəddin Alxasov

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:15

61 yaşlı Şamaxı sakini üzüm yığır: "İşimi sevirəm"

Hadisə
Dünən, 17:59

Şabranda aldığı qarpızlar xarab çıxan kişi satıcını döydü

Cəmiyyət
Dünən, 17:27

Magistratura və doktorantura bitirən zabitlərin rütbədə qalma müddəti azaldılır

Cəmiyyət
Dünən, 16:49

Quba-Xaçmaz bölgəsində böyük layihə hazırlanır

Cəmiyyət
Dünən, 15:54

Qubada şəhid ailələri və müharibə əlilləri üçün mənzillər tikiləcək

İqtisadiyyat
Dünən, 14:40

Turşular bazarlarda neçəyə satılır?

İdman
Dünən, 13:41

"Qəbələ"nin yeni baş məşqçisi bəlli oldu

Cəmiyyət
Dünən, 13:00

Qubada sürücülər gözləyən təhlükə: su kanalının üstü açıq qalıb

Hadisə
Dünən, 12:05

Qəbələdə avtomobilin vurduğu piyada 5 gün sonra həyatını itirdi

Cəmiyyət
Dünən, 11:05

Qubada bu bələdiyyələrin adı dəyişdirilir

İdman
Dünən, 10:16

Şimalın komandaları cərimələndi – AFFA qərar verdi

Hadisə
Dünən, 09:29

Muğanlı aşırımında toyuq daşıyan yük avtomobili aşdı – VİDEO

İdman
15 sentyabr 2026, 18:10

"Qəbələ" yeni baş məşqçi axtarışında

Hadisə
15 sentyabr 2026, 17:58

Şəkidə xanım sürücü avtomobili aşırdı – Xəsarət alan var

Cəmiyyət
15 sentyabr 2026, 17:40

Xudat məktəbi yeni dərs ilinə yenilənmiş şəkildə başlayır - FOTO

Hadisə
15 sentyabr 2026, 17:13

Quba-Xınalıq bir hissəsi bağlandı

Cəmiyyət
15 sentyabr 2026, 16:25

Zaqatalada əsaslı təmir edilmiş gimnaziyanın açılışı olub

Cəmiyyət
15 sentyabr 2026, 15:20

Balakən xəstəxanasının direktoru vəzifəsindən azad edilib

Cəmiyyət
15 sentyabr 2026, 15:05

Qubanın dağlarında nadir quşlar - Ağbaş kərkəslər

Cəmiyyət
15 sentyabr 2026, 13:44

Qubalı şəhidimizin qızı 1-ci sinfə başladı: atasının məzarını ziyarət etdi

İdman
15 sentyabr 2026, 12:52

İsmayıllıda ölkə çempionatı başa çatdı – velosipedçilər mükafatlandırıldı

Cəmiyyət
15 sentyabr 2026, 11:37

Bir canlının zingiltisi, bir insanın vicdanı – Qubada təsirli hadisə - VİDEO

Hadisə
15 sentyabr 2026, 10:59

"Çevik"lə birgə saxlanılan Kamran Bilalovun həbs səbəbi bəlli oldu

Cəmiyyət
15 sentyabr 2026, 10:00

Anar Əliyev Qusarda vətəndaşları qəbul edəcək

Oxşar xəbərlər