4 km dağ yolu, balasını itirən ana, dağdan qayıdan qız, yolda yıxılan müxbir...
Bu sözlər İsmayıllının Talıstan kəndində yerləşən Qaranohur gölünə aparan dağ yolunu təsvir edir. Yəqin ki, çoxunuz Qaranohur gölü haqqında eşitmisiz. Eşitməsəz də, payıza bürünərək dağlar arasında gizlənən gölün şəkillərini görmüsüz. Çünki bu aylar Qaranohura səyahətin əsl zamanıdır.
Nə yalan deyim, elə mən də gördüyüm şəkillərə valeh olub, ora baş çəkməyə qərar verdim. Amma nə biləydim ki, məni qarşıda Qaranohuru görənə qədər 4 km piyada gedəcəyim dağ yolu gözləyir.
Shimal.News-un əməkdaşı dağlı-kəsəkli yollarla gedib çatdığı Qaranohur göldən reportajını təqdim edir.
Saat 07:00. Gənclik metrosunun qarşısı
Səyahət etdiyimiz turun rəhbəri bələdçinin əlaqə nömrəsini və saat neçədə, harada görüşəcəyimiz barədə məlumatları qrupa yönləndirdi. Piyada gedəcəyimiz yolun uzun olduğunu deyir, amma hələ də hazırlıqsız, sürüşkən ayaqqabılarla 4 km qorxulu dağ yolu qalxacağımızdan bixəbərik. Səhər 7-də hər kəs Gənclik metrosunun çıxışında toplaşacaq. Evdən çıxdım, yol boş. Toplaşma məntəqəsinə çatana qədər ağlımda ancaq orada çəkdirəcəyim şəkillər gəzirdi. Gəlib çatdıqda içərisi insanlarla dolu 6 sprinterin də bizimlə bərabər eyni istiqamətə yol alacağını gördüm. Düzü, içimdə yanan qığılcım daha da alovlandı. Çünki bu qədər çox insanın ora səyahəti insanda maraq oyadır.
07:30
20 nəfərlik sprinter doldu. Artıq biz yola çıxırıq. Tur rəhbəri özünü və hansı yollarla gedəcəyimizi elan etdi. Hə, yola çıxdıqdan sonra bildik ki, 4 km dağ çıxmaq, sıldırım qayalıqlar, 2 saat 30 dəqiqə piyada yol bizi gözləyir. Təəssüf ki, artıq gec idi. “Nə qədər çətin olar ki” deyib, yola davam etdik. Qaranohur gölünün gözəlliyini fikirləşdik.
09:00. Şamaxıda səhər yeməyi
Şamaxıda istirahət verib, səhər yeməyi üçün dayandıq. Məlumat verim ki, turda səyahətçilər iki yerə bölünürdü: standart və ekonom.
Standart seçənlərə tur tərəfindən səhər yeməyi verilir. Digərləri isə gətirdiklərini avtobusda əyləşərək yeyirdilər.
09:30. İsmayıllının Talıstan kəndinə gediş
Səhər yeməyi bitdikdən sonra Talıstan kəndinə yola düşdük. Söhbət əsnasında məlum oldu ki, bizimlə bərabər səyahət edənlər arasında Qaranohur gölünə 2-ci dəfə gələnlər də var. Maraqlı gəldiyi üçün onlardan oranın necə olduğunu soruşduq. Onların cavabı isə narahatlığı daha da artırdı: “Qaranohura çatana qədər neçə dəfə geri qayıtmağı düşünəcəksiniz. Elə bir nöqtə olacaq ki, nə geri qayıda, nə də irəli gedə biləcəksiniz. Amma düşüncələrinizə qalib gələ bilsəniz, sizi ömrünüz boyu unutmayacağınız mənzərə gözləyir”.
Talıstan kəndi. Dağ yoluna yürüş
Kəndin girişinə gəlib çatdıqda avtobusdan düşdük. Tur rəhbəri bundan sonrakı yolumuzun piyada olacağını, gətirdiyimiz əşyaları və qidanı çantalara yığıb özümüzlə götürməyimizi dedi. Çantalarımızı çiynimizə taxıb, yola davam etdik. Qoruq ərazisinə giriş üçün adambaşı 2 manat ödədik. Yuxarı baxdıqda yolun bu qədər uzaq olduğu anlaşılmır. Amma addımladıqca yolun daha da uzandığının fərqinə varırsan. Hava isti idi. Tur rəhbərinin sözlərinə görə, havanın yağışlı olması qalxdığımız yolu daha da təhlükəli edir.
15 dəqiqə sonra geri dönüş
Biz ümumi 20 nəfərlə yola çıxmışdıq. Təxminən 15 dəqiqə yol getdikdən sonra qrupumuzdakı qızın biri gələ bilməyəcəyini, geri qayıtmaq istədiyini dedi. Və geri qayıtdı. İndi siz 15 dəqiqə gedilən yolun hansı çətinlikdə olduğunu təsəvvür edin.
Yol boyu tək məqsəd burdan ora sağ bədənlə çatmaq idi. Dağı qalxmağa başlamazdan əvvəl verilən tək söz “Hər kəsin bir-birinə kömək etməsi” idi.
1 saat yarım yol getməmiş dayanmaq yox idi. Dincəlməyə yalnız saat yarım sonra icazə verilirdi. Geri dönmək kimi bir fikrimiz yox idi.
Düzü, geri qayıtmaq da çətin idi. Çünki qayıtmaq qərarı versəydim, tək qayıtmalı olacaqdım. Bu, dağı qalxmaqdan da qorxulu idi. “Heç olmasa, burda 60-70 nəfərlə bir yerdəyik. Tək qalmaqdan yaxşıdır” – deyə düşünərək taleyimizlə barışıb çətin də olsa, yaralanmamaqla mübarizə apararaq yola davam etdik. Dağın bəzi yolları var idi ki, kəndirdən tutub qalxırdıq. Kəndir qırılsa idi, sonrasını özünüz düşünün.
Qaranohura çatış. Sarı cənnət. Özündə sirlər saxlayan göl
2 saat 23 dəqiqə sonra nəhayət sorağına gəldiyimiz Qaranohur gölünə çatdıq. Hə, deyildiyi qədər varmış. Həmin mənzərəni görməklə gəldiyimiz yoldakı bütün çətinliklərin hamısı unuduldu.
Ocaq qalayıb, çay dəmlədik. Hər kəs evindən gətirdiyi yeməkləri çantadan çıxardı. Hərə bir tikə çörək yeyib, başına gələn hadisələrdən danışmağa başladı.
Ən maraqlısı isə tur rəhbərimizin bura 55-ci gəlişinin olması və bu müddətdə qarşılaşdığı hadisələr idi. Onun sözlərinə görə, bu yolda ana övladından bezib onu buraxaraq getdiyi belə olub:
“Bu yolları 55 dəfə gəlib-getmişəmişəm. 55-ci sizsiniz. Yalan deməyim, canavar, çaqqal, ayı ilə qarşılaşmamışam. Amma dağı qalxaraq yorulan, bezən və uşağından imtina edən ana, gölə çatmağına 10 dəqiqə qalmış geri qayıdan insan görmüşəm.
Uşaq yorulduğu üçün çox ağladı. Anası bezib dedi “hara gedirsən, get”. Uşaq onunla da getdi. Axşam dönüşdə avtobusa minən zaman ana uşağını axtarmağa başladı. Özümü tuta bilməyib “Sən əsl ana olsaydın, dağı qalxıb dincələndə uşağını axtarardın. Evə qayıdanda yox” dedim. Qışqıra-qışqıra oğlunu axtarmağa başladı. 1-2 saat sonra uşaq o biri tərəfdən gəldi.
Daha sonra, bir qız var idi. O boyda uzun yolu gəlib, çatmağa 10 dəqiqə qalmış dedi ki, dözə bilmirəm, qayıdıram. Nə qədər inandırmağa çalışdımsa da, bacarmadım. Yolun sonuna qədər gəlib, geri qayıtdı”.
Beləcə, hər kəs ocaq ətrafında toplaşıb, öz xatirələrindən danışaraq yorğunluğunu çıxarırdı.
Onu da deyim ki, bu gözəllikdən həzz almaq üçün bizə yalnız 2 saat vaxt verilmişdi. 16:00-da geri dönüş üçün yola çıxmalı idik. Bunun səbəbi qış vaxtı olması və qaranlığın tez düşməsi idi. Fotolar çəkdirib, çayımızı, çörəyimizi yeyib-içdik.
16:00. Geri dönüş. Yağışlı hava. Yıxılan insanlar
Artıq geri dönmək vaxtıdır. Sanki orda hava daha tez qaralırdı. Saatın 4 olmasına baxmayaraq artıq qaranlığa doğru gedirdi. Yola düşməyimizdən 10 dəqiqə keçmişdi ki, yağış başladı. Qorxulusu da bu idi. Çünki yağış yağdıqca yollar palçıq olur, daşlar sürüşürdü. Elə bir az getmişdik ki, yağışlı havanın ilk qurbanı mən oldum. Ayağımı qoyduğum daş sürüşərək sıldırım dağdan aşağı düşdü. Nəticədə mən də yıxılaraq ağacdan yapışdım. Köməyimə digər turun rəhbəri gəldi. Onun köməyi ilə yola davam etdim. Məndən sonra 3 qız birdən yıxıldı. Amma şükür ki, yıxılanlar yüngül xəsarətlə qurtuldular.
Yıxıla-dura daha bir səyahətin sonuna gəldik.
Bu da belə... Tövsiyəm odur ki, dərindən öyrənmədiyiniz heç bir yola çıxmayın.
[video width="720" height="1280" mp4="https://shimal.news/storage/photos/2024/11/14_3.mp4"][/video]
Fidan İlqar