Xaçmaz rayonunun Tikanoba kəndinin sakinləri mavi yanacaqla bağlı sıxıntı yaşayırlar. Bu haqda ShimalNews 5 aprel tarixində “Report”a istinadən məlumat verir.
Müraciət edən sakinlər bildiriblər ki, uzun illərdir bu vəziyyətlə üz-üzə qalıblar. Onlar mənzillərini qızdırmaq üçün məcbur qalaraq həyətyanı sahələrindəki meyvə ağaclarını kəsirlər. Aidiyyəti qurumlar tərəfindən qaz çəkiləcəyinə dair dəfələrlə vədlər verilsə də, əməldə heç bir iş görülməyib.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi açıqlama verib:
“Regionlarda qazlaşma prosesi tam həyata keçirilməlidir. Bu baxımdan Xaçmaz rayonu da istisna deyil. Hazırda rayonun qazlaşma səviyyəsi 94,3 faizdir. O ki qaldı bir neçə kəndin qazlaşma məsələsinə, cari il ərzində Əhmədoba və Hacıəhmədoba kəndlərinin qazlaşdırılması reallaşacaq. Yerdə qalan bir neçə kəndin, o cümlədən Tikanobanın qazlaşdırılması məsələsi isə mövcud maliyyə resursları çərçivəsində növbəti mərhələdə həll olunacaq", - deyə İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.