Azərbaycanda uğurla tətbiq olunan dövlət aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı sürətlə artır. Noyabrın 27-də Aqrar Sığorta Fondu tərəfindən meyvə bağları üzrə növbəti iri məbləğdə sığorta ödənişi həyata keçirilib.
Azərtac-ın məlumatına görə, Xaçmaz rayonunun Cığatay kəndində yerləşən "Trek Service Engineering" MMC-yə məxsus badam bağında sel-subasma nəticəsində yaranmış zərərə görə 200 520 manat məbləğində sığorta ödənişi edilib.
Hadisə 2025-ci ilin aprel ayında baş verib. Cığatay kəndinin yaxınlığından keçən Ağçay çayının daşması nəticəsində ətraf ərazilərlə yanaşı badam bağı da sel altında qalıb. Müraciətdən sonra Aqrar Sığorta Fondu əraziyə müstəqil aqrar sığorta ekspertlərini cəlb edib. Ekspertlər bir neçə dəfə sahəyə baxış keçirərək zərərin xarakterini və miqyasını müəyyənləşdiriblər. Hadisənin ölçüsü nəzərə alınaraq Fondun rəhbər şəxsləri və mütəxəssisləri də təsərrüfata baxış keçiriblər.
Araşdırmalar göstərib ki, Ağçay çayının daşması nəticəsində sel suyu bağın ön hissəsindən daxil olaraq bütün sahəyə yayılıb. Sığorta hadisəsi bağda çiçəklənmənin sonu – kiçik meyvə mərhələsinin başladığı dövrdə baş verdiyi üçün təsir daha böyük olub. Ağac gövdələri üzərində aparılan ölçmələrə əsasən suyun səviyyəsi təxminən 40 santimetrə qədər yüksəlib. Sel suyu məhsulla birbaşa təmas etməsə də, ağacların kök sistemi su altında qalıb, sahədə qalın palçıq qatı yaranıb və nəticədə stress səbəbindən ciddi meyvə tökülmələri baş verib.
Aqrar Sığorta Fondunun hesablamalarına əsasən, "Trek Service Engineering" MMC-yə 200 520 manat sığorta ödənişi təyin olunub və tam şəkildə ödənilib.
Təsərrüfatın baş aqronomu Kazam Cəlilov bildirib: "Sel nəticəsində ağacların kökü zədələndi, məhsulda böyük itki oldu. Lakin bağımız sığortalı olduğundan Aqrar Sığorta Fonduna məlumat verdik, ekspertlər gəldilər, zərəri qiymətləndirdilər və bizə sığorta ödənişi etdilər".