2025-ci ilin yanvar-oktyabr aylarında it dişləməsi səbəbilə ümumilikdə 1017 nəfər tibb müəssisəsinə müraciət edib. Müraciət edən şəxslərin hər birinə zəruri ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd olunub. Pasiyentlər ambulator müalicədən sonra evə buraxılıblar. Heç bir ağırlaşma və ölüm halı qeydə alınmayıb.
Bizim.media-nın məlumatına görə, bu baradə Şəki Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Vaksinasiya və qısırlaşdırma tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, sahibsiz itlərin sayı artmaqda davam edir.
Sakinləri narahat edən və azyaşlıların təhlükəsizliyinə təsir edən bu problem şəhər rəhbərliyinin də diqqət mərkəzindədir. İcra hakimiyyətinin şəhər üzrə nümayəndəliyindən bildirilib ki, sahibsiz itlərlə bağlı məsələlər onların gündəlik nəzarətindədir. Bu məqsədlə dövlət fondundan 1 hektar torpaq sahəsinin ayrılması üçün müraciət olunub və hazırda sənədləşmə işləri davam edir. Qeyd olunub ki, sahibsiz itlər üçün sığınacağın yaradılmasına iş adamlarının dəstəyi ilə artıq başlanılıb.
Məlumata görə, yaxın aylarda proses yekunlaşdıqdan sonra sahibsiz itlərin bir mərkəzə toplanması və onlara lazımi qaydada qulluq göstərilməsi təmin olunacaq.