Ölkənin vacib kənd təsərrüfatı rayonlarından biri olan Xaçmazda mövsüm üçün ənənəvi olan suvarma suyu qıtlığı əhalinin əsas qayğısına çevrilib. Bu haqda ShimalNews 20 may tarixində “Report”a istinadən məlumat verir.
Yergüc kənd sakinlərinin sözlərinə görə, suvarmaya su tapılmadığı üçün bağlar və tərəvəz sahələri quruyaraq məhv olur. Onların fikirincə, yerli idarəetmə orqanları və Sudan İstifadəedənlər Birliyi suvarma suyunun bölgüsünü düzgün aparmadığı üçün belə problem yaranıb.
Həmin ərazidə qurumuş arxlara nəzər saldıqda vəziyyətin nə qədər ciddi olduğuna dair təsəvvür yaranır.
Xaçmaz Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Kamil Əliyev bildirib ki, mənbədə kifayət qədər su var. Lakin Sudan İstifadəedənlər Birliyi həmin suyu əraziyə çatdıra bilmədiyi üçün narazılıq yaranır:
“Yergüc və Ağyazı kəndlərində suvarma suyu alan vətəndaşlar limitin azlığından şikayət edirlər. Biz də bu gün sakinlərin haqlı tələbinə uyğun olaraq Samur–Abşeron kanalından suyun alışını 2 kubmetrdən 5 kubmetrə qaldırmışıq. Su problemi olan Yergüc və Ağyazı kəndlərinə limitə uyğun su veriləcək. Ötən illərə nisbətən bu il suvarma suyu ilə bağlı çətinlik yoxdur. Mənbələrdə su ehtiyatımız var. Vətəndaşları suvarma suyundan növbəli şəkildə istifadə etməyə çağırırıq. Bütün mövcud imkanlardan istifadə olunmaqla sakinləri suvarma suyu ilə təmin edəcəyik”.