Xaçmazın 61-ci kvartalının sakinləri hazırda qazla bağlı çətinlik yaşayırlar. Bu barədə ShimalNews 6 dekabr Real TV-yə istinadən məlumat verir.
Sakinlərin sözlərinə görə, əhalisi 500 nəfərə yaxın olan yaşayış massivində artıq 15 ildir ki, qaz yoxdur.
“Oduna pul verib alırıq. Əvvəl qiymət 350 manat idi, indi qalxıb 500 manata. Mən 270 manat maaş alıram, bilmirəm onu dava-dərmanıma verim yoxsa odun alım? Yaşlı adamam, nə etməliyəm mən?”, - deyə ağbirçək Rəxşəndə Səfərəliyeva bildirib.
Məsələ ilə bağlı “Azəriqaz” İB-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Eldəniz Vəliyev aydınlıq gətirib. Onun sözlərinə görə, 2023-cü ilin sonuna qədər Azərbaycanda qazlaşdırılmayan heç bir yaşayış massivi qalmayacaq.