Qubanın 2-ci Nügədi kəndində yeni yaşayış massivi qazlaşdırılmır. Bu barədə ShimalNews 20 iyul tarixində “ATV News”a istinadən məlumat verir.
Adıçəkilən ərazidə qaz xətti evlərin yaxınlığından keçir. 150 nəfərə yaxın sakin isə həyətlərindəki meyvə ağaclarını kəsib yandırır. Onlar müvafiq qurumlara mavi yanacaqla təmin olunmaları üçün müraciət ediblər. Məsələ isə həllini tapmayıb.
“Odun işi çətindir. Dağlarda, meşələrdə ağacları qırmağa icazə verilmir. Bizdə olan bütün quru ağaclar kəsilib. Buradan 250 metr aralı qaz keçir, mənim uşaqlarımın isə qazı yoxdur”, - deyə sakin bildirib.
Məsələ ilə bağlı Azəriqaz İB-nin əsaslı tikinti şöbəsinin rəisi Əkrəm Əkbərli açıqlama verib:
“Yeni massivin qazlaşdırılması 2023-cü ilin kapital proqramına daxil olunub. 2023-cü ilin sonuna qədər burada nəzərdə tutan işlərin bir hissəsi yerinə yetiriləcək. İşlərin başa çatdırılması bu ilin sonuna olmasa da, 2024-cü ilin proqramında artıq nəzərə alınıb. Yəni 2024-cü ildə artıq onlar mavi yanacaqdan istifadə edəcəklər”.
[video width="1920" height="1080" mp4="https://shimal.news/storage/photos/2023/07/hd1.mp4"][/video]