Qubada qonşusunun avtomobilini qaçıran şəxsə cinayət işi açılıb.
Lent.az-ın məlumatına görə, rayonun Amsar kənd sakini özünə məxsus “QAZ-31” markalı minik avtomobilini axşam saatlarında evinin qarşısında saxlayıb. Bu zaman maşının qapısı açıq, açarları isə üzərində olub.
Bunu görən qonşu, 24 yaşlı Mirzə Babaşov (ad və soyad şərtidir) avtomobilə daxil olaraq onu işə salıb və ərazidən uzaqlaşıb. Kənd daxilində bir qədər hərəkət etdikdən sonra avtomobili bağ sahələrinin yanında saxlayıb. Elə həmin an Quba Rayon Polis Şöbəsinin əməkdaşları onu yaxalayıblar.
Onun bu əməlilə bağlı Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ( avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə) üzrə cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində ən böyük arzusunun avtomobil sürmək olduğunu deyib. O, yalnız bu arzusuna görə maşını sürdüyünü bildirib. Mirzə Babaşov həmçinin əməlindən peşman olduğunu və zərərçəkən qonşusu ilə barışdığını qeyd edib.
Zərərçəkən şəxs də qonşusunu bağışladığını, ona qarşı şikayətinin olmadığını bildirib və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edib.
Quba Rayon Məhkəməsinin qərarı ilə cinayət işinə xitam verilib və Mirzə Babaşov məsuliyyətdən azad edilib.