Quba rayonunun Dalıqaya kəndində elektrik xətləri və dirəkləri qəzalıdir. Bu haqda ShimalNews 25 aprel tarixində “Bizim.Media”ya istinadən məlumat verir.
Kənd sakini Ramin İsmixanov bildirib ki, dirəklərdən biri onun həyətindən keçir. Külək olan kimi təhlükəli vəziyyət yaranır, bu səbəbdən dirəyi kola bağlayıblar. Vətəndaş qeyd edir ki, aidiyyəti qurumlara müraciət edilsə də, hələ ki nəticə yoxdur.
Məsələ ilə bağlı Quba İH başçısının Rük İnzibati Ərazi Dairəsindən bildirilib ki, nümayəndəliyin Söhüb kəndi istisna olmaqla digər 5 kəndində elektrik dirəkləri və xətləri köhnə və qəzalıdır.
“Azərişıq ASC”nin Xaçmaz regional elektrik şəbəkəsinin Quba rayon şöbəsindən məlumat verildi ki, köhnə və qəzalı dirəklərin yenilənməsi şəbəkənin diqqətindədir. May ayından başlayaraq həmin kənddə elektrik dirəklərinin yenilənməsinə başlanılacaq.