Əhalinin təbii qazdan istifadəsi ilə bağlı limitlər regionlar üzrə fərqli olmalıdır. Bu haqda ShimalNews 9 yanvar tarixində Axar.az-a istinadən məlumat verir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban, həmçinin bildirir ki, Azərbaycan 2017-ci ildən indiyə qədər əmtəəlik qaz hasilatını artırıb. İnsanlarda da belə təəssürat var ki, qaz artırsa, bundan da yararlanmalıyıq. Nə hökumət, nə də Tarif Şurası istehlakçını inandıra bilir. Qiymət təyin olunarkən izahedici açıqlama olmur, maarifləndirmə aparılmır.
“Kəlbəcər, Laçın, Quba, Şamaxı və Azərbaycanın digər rayonlarının sakinləri evlərini 8-9 ay isitməyə məcburdurlar. Aran rayonlarında yaşayan vətəndaşlar isə evi isitmək üçün qazdan 3-4 ay istifadə edirlər. Ona görə də qaz limiti bu regionlara eyni tətbiq edilməməlidir. Hökumət bu məsələni nəzərə almalı, qızıl orta tapılmalıdır. Bununla da istehlakçının əlavə rəğbətini qazanmaq olar”- ekspert vurğulayıb.