Birillik əkin aparan fermerlərin kredit faizlərinin bir hissəsini dövlət ödəyəcək. Yeni dəstək mexanizmi fermerlərin əkin mövsümündə maliyyə vəsaitinə daha asan çıxışını təmin etməyi hədəfləyir.
Shimal.News xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tətbiq etdiyi mexanizmə əsasən, bankların fermerlərə ayırdığı əkin məqsədli kreditlərin illik faiz dərəcəsinin 19 faizə qədər olan hissəsi dövlət büdcəsi hesabına qarşılanacaq.
Güzəşt buğda, arpa, çəltik, qarğıdalı, darı, noxud, lobya, mərci, günəbaxan, kartof, tərəvəz və bostan bitkiləri, həmçinin pambıq, şəkər çuğunduru, tütün və soya əkən fermerlərə şamil olunur.
Kreditlər mineral gübrə, biohumus, sertifikatlı toxum, pestisidlərin alınması və aqrotexniki xidmətlərdən istifadə məqsədilə götürülə bilər. Əsas şərtlərdən biri kredit müddətinin bir ili keçməməsidir.
Faiz ödənişlərini Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) dövlət büdcəsi hesabına qarşılayacaq. Fermerlər kredit müddətinin sonunda banka yalnız götürdükləri əsas məbləği qaytaracaqlar.
Yeni mexanizm fermerlərə əkin mövsümünün əvvəlində maliyyə əldə etməyə imkan verəcək. Bunun üçün onlar banklara və bank olmayan kredit təşkilatlarına müraciət edə bilərlər.
Qeyd edək ki, mexanizm Prezident İlham Əliyevin 5 mart 2026-cı il tarixli fərmanına əsasən yaradılmış dövlət dəstəyi çərçivəsində tətbiq olunur.