Təsəvvür edin, bir anın içində bütöv bir şəhər dağılır, evlər yerlə-yeksan olur, minlərlə insan həyatını itirir...
Bu, 359 il əvvəl Şamaxıda yaşanmış dəhşətli zəlzələnin mənzərəsidir.
Tarixə 25 noyabr 1667-ci il hadisəsi kimi düşən bu zəlzələ Azərbaycanın ən dağıdıcı təbii fəlakətlərindən biri hesab olunur.
Güclü yeraltı təkanlar Şamaxı şəhərində böyük dağıntılara səbəb olub. Evlər, qala divarları və digər tikililər uçub, ətraf ərazilərdə torpaq sürüşmələri baş verib. Zəlzələnin təsirinin Bakı şəhərinədək hiss olunduğu bildirilir.
Amma bu faciənin ən diqqətçəkən məqamı insan itkilərinin sayı ilə bağlıdır.
Tarixi mənbələrin bir qismində zəlzələ zamanı 80 mindən çox insanın öldüyü qeyd edilir. Digər elmi qiymətləndirmələrdə isə bu rəqəm 6–8 min nəfər göstərilir.
Üstəlik, zəlzələnin başvermə tarixi ilə bağlı da fikir ayrılığı var. Bəzi araşdırmalarda hadisənin 1668-ci il yanvarın 14-də baş vermiş ola biləcəyi ehtimalı irəli sürülür.
Şamaxı sonrakı əsrlərdə də bir neçə dəfə güclü zəlzələlərlə sarsılıb. 1859-cu ildə baş verən zəlzələdən sonra quberniya mərkəzinin Bakı şəhərinə köçürülməsi də bu tarixi hadisələrin nəticələrindən biri olub.
Əsrlər keçsə də, Şamaxının yaddaşında iz qoyan həmin fəlakət Azərbaycanın zəlzələ tarixinin ən faciəli səhifələrindən biri olaraq qalır.