Kitab oxumaq insanın özünü inkişaf etdirməsi baxımından önəmlidir. Burada həm fərdi inkişafdan, həm də zehni və nitq inkişafından söhbət gedir. Kitab oxuyan insanla oxumayan insanın cümlə və düşüncə quruluşları da bir-birindən fərqlənir. Ona görə də kitab oxuyan şəxsi oxumayanlardan ayırd etmək bir o qədər də çətin olmur. Kitab oxumaq üçün isə kitaba əlçatanlığın olması vacibdir.
Kitaba əlçatanlığın təmin edilməsi məsələsində 4 faktor ön plana çıxır: kitabxana, kitab mağazaları, kitab sərgiləri və çatdırılma. Regionlarda kitablar daha çox təhsil müəssisələrinin kitabxanalarından əldə edilir. Bu kitabxanalarda isə seçim və seçmə şansı o qədər də zəngin deyil. Kitabxana bazalarının sabit qalması və ya çox gec yenilənməsi isə oxucu sayına ciddi təsir göstərir. Eyni şəkildə kitab mağazaları da daha çox tələbatın olduğu kitablara üstünlük verir ki, bunlar da əksərən abituriyentlər üçün vacib test topluları, yaxud dərs kitabları olur. Bir çox bölgələrə pulsuz çatıdırılma xidmətinin olmaması da kitab sifarişlərinə olan marağı azaldan səbəblərdəndir.
Kitab sərgiləri isə bədii-fəlsəfi ədəbiyyatı bir bütöv halında tapa biləcəyimiz yerlərdir. Mətbuatda gedən xəbərləri izlədikdə Azərbaycanın regionlarında kitab sərgilərinin ya keçirilmədiyi, ya da çox az keçirildiyi görünür. Son olaraq cari ilin oktyabr ayında keçirilən 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi kitab sərgilərinin bölgələrdə keçirilməsi çağırışlarını artırıb. Bəs kitab sərgilərinin regionlarda keçirilməsi qarşısında hansı əngəllər var? Oxuma vərdişini paytaxtdan bölgələrə daşımağın yolları nələrdir?
Bu suallara cavab verən yazıçı-publisist İlqar Rəsul Shimal.News-a açıqlamasında kitab sərgilərinin bölgələrə daşınmasından danışıb.

İlqar Rəsul regionlarda alıcı sayının az olması məsələsinə toxunub. O qeyd edib ki, bölgələrdə alıcı sayı az olduğu üçün nəşriyyatların kitab sərgiləri təşkil etməsi müşkül olur:
“Bölgələrdə, adətən alıcılar az olur. Bakıdan bu cür bölgələrə sərgi daşımaq nəşriyyat üçün vaxt və maliyyə sərfidir. Heç olmasa, çəkilən ümumi xərc çıxmalıdır ki, nəşriyyat bu tədbiri həyata keçirə bilsin. Əks halda, onsuz da maliyyə durumu ürəkaçan olmayan nəşriyyat özünü daha çətin vəziyyətə salar”.
Yazıçı buna baxmayaraq, “Qanun” nəşriyyatının Gəncə, Lənkəran və digər bölgələrdə belə tədbirlər keçirdiyini vurğulayaraq dövlətin kitab sərgilərini bölgələrdə təşkil etməsi məsələsinə müvafiq qurumların dəqiq səbəb göstərə biləcəyini vurğulayıb.
O: “Oxuma vərdişini regionlarda və ölkədə layiqincə inkişaf etdirmək üçün dövlət hərəkətə keçməli, televiziyalar buna dair xüsusi təbliğat aparmalıdır. Yerli idarələr bu istiqamətdə lazımi addımlar atmalıdılar”, - deyə sözlərini yekunlaşdırıb.
Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü yazıçı Nigar Səttar-zadə isə Shimal.News-a bildirib ki, son zamanlarda kitab sərgiləri rayonlarda da təşkil olunmağa başlayıb.

Bununla belə, bir çox çatışmazlıqların olduğunu qeyd edən yazıçı kitabın əlçatanlığı məsələsinə toxunub:
“Ümumiyyətlə, kitab sektorunda ötən zamanlara nəzərən inkişaf var. Lakin təəssüflər olsun ki, şəhərdən kənarda yaşayan vətəndaşlarımız üçün kitab elə də əlçatan deyil. Düşünürəm ki, bunun ilkin səbəbi kitab mağazalarının ya az olması, ya da heç olmamasıdır. Nə qədər ağır olsa da, rayonlarımızda, kəndlərimizdə yetərincə kitab mağazası, hətta məktəb ləvazimatı satılan yerlər belə yoxdur. Ancaq Bakıdan fərqli olaraq, rayonlarda müşahidə etdiyim qədərilə oxucu sayı az deyil. Onlar daha çox rayon kitabxanalarına müraciət edərək kitabları oxuyub, geri qaytarırlar. Beləcə hər mövzudan məlumatlı olur, özlərini inkişaf etdirirlər”.
O bildirib ki, Lənkəran və Gəncədə təşkil olunan kitab sərgiləri əhali tərəfindən maraqla qarşılanıb:
“Son illərdə “Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyinin (ANAİB – müəl.) təşkilatçılığı ilə kitab sərgiləri rayonlarda da təşkil olunmağa başlayıb. Düşünürəm ki, bu, kitabsevərlər üçün vacib bir addım idi. ANAİB-ə daxil olan bütün nəşriyyatlar da əlini daşın altına qoymağa hazırdır. İstər Lənkəranda, istərsə də Gəncə şəhərində keçirilən kitab sərgiləri əhalinin marağına səbəb olmuşdu”.
Dövlətdən maliyyələşməyən qurumlar üçün kitab sərgisi və bu qəbildən olan layihələri uzunmüddətli davam etdirməyin çətin olduğunu söyləyən Nigar Səttar-zadə: “Kitab sərgilərinin az keçirilməsinin bir digər səbəbi də alış gücünün gözləniləndən aşağı olması ilə əlaqədardır. Təəssüf ki, bu gün istər Bakıdakı, istərsə də regionlardakı kitab sərgilərinə gəzintiyə gələnlərin sayı alıcılardan daha çoxdur. Bu da işi bir qədər çətinləşdirir”, - deyə bildirib.
Regionlarda kitab oxuma vərdişlərini formalaşdırmaq üçün öncəliklə dövlət dəstəyinə ehtiyac olduğunu xüsusilə qeyd edən yazıçıya görə, Regional Mədəniyyət idarələrinin dəstəyi ilə sərgilərin təşkili, sosial layihələrlə yanaşı, sahibkarların da regionlarda kitab mağazaları, oxuma zalları yaradılmasına büdcə ayırmalarına ehtiyac var:
“Kitablar gözümüzün gördüyü hər yerdə əlçatan olsa, oxuma vərdişləri daha sürətlə qazanıla bilər. Bunlarla yanaşı, eyni zamanda, bağça və məktəblərlə daimi əlaqədə olub oxucuların elə kiçik yaşlardan formalaşmasına çalışmalıyıq. Zənnimcə, region kitabxanalarının vəziyyətinin ən azından Bakıdakı məşhur kitabxanalar qədər komfortlu olması da diqqət edilməsi olan bir digər məsələdir. Öz növbəsində, yerli müəlliflərimiz oxucularının regionlarda da formalaşması üçün çalışırlar. Kitablar dolayı yolla da olsa, oxucusuna çatır. Əgər Bakıdakı kitab mağazalarının rayonlarda filiallarının açılmasına dövlət və ya sahibkarların dəstəyi olsa, müəlliflərlə oxucuların görüşlərini təşkil etmək də asanlaşar. Eyni zamanda, hər açılan mağazanın yeni bir iş imkanı olduğunu da unutmamalıyıq”.
Shimal.News-a açıqlama verən yazıçı Aqşin Yenisey mədəni layihələrin icrasındakı konkret problemlərdən bəhs edib.

Yeni mədəniyyət strategiyasının olmadığını xüsusilə vurğulayan Aqşin Yenisey mədəni layihələrin pərakəndə şəkildə təşkil olunduğunu bildirib:
“Dünyada artıq mədəniyyətdən yox, mədəniyyət sənayelərindən danışılır. Biz hələ ideoloji əsaslı mədəniyyət çağında qalmışıq. İdeoloji çağda mədəniyyət icra edən idi. Yeni texnologiya dövründə mədəniyyət iqtisadi əsaslıdır, icra olunandır. Kitab sərgilərinin bölgələrdə keçirilməməsi bu böyük boşluğun sadəcə bir küncüdür. Bu gün bölgələrdə iqtisadi layihələr də az icra olunur, iqtisadi baxımdan unudulduğu üçün bölgələrə mədəni layihələrin də ayağı bağlıdır. Yəni, əvvəlcə bölgəyə kitab dükanları getməlidir, sonra isə kitab sərgisi”.
Oxuma vərdişinin bölgələrə daşınması məsələsinə də toxunan Aqşin Yenisey kitab mövzularının müzakirələrinin vacibliyini ön plana çəkib.
Yazıçının sözlərinə görə, cəmiyyətimiz yaradıcı istehsal şüuruna sahib deyil:
“İnternet əsrində yaşayırıq. Kitab mövzularının müzakirə olunmadığı cəmiyyətin heç paytaxtında da kitab oxunmaz. Kitab mövzularını müzakirə edən internet kontentləri yaratmaq və müəyyən müddət dəstəkləmək lazımdır. Ölkədə kitabla maraqlanan insanlar var, maraqlandırmaq istəyənlər yoxdur. Ümumiyyətlə, bizim iqtisadi şüur dolanışıq anlayışı üzərində qurulub, yaradıcı istehsal şüuruna sahib deyilik. Nə mədəniyyətin “yumşaq güc” olduğunu anlayırıq, nə də onun marketinqini təşkil edə bilirik”.
Aqşin Yenisey sözlərini belə tamamlayıb:
“Naşirlər şərt kəsirlər ki, kitabını o halda çap edərik ki, özün onun reklamıyla məşğul olasan. Yəni müəllif həm yazmalı, həm də satmalıdır. Bu, bazar qanunlarına ziddir. Kitabını satmaq üçün tərifləyən yazıçı dərhal oxucularını itirməyə başlayır. Müasir yazıçı və şairlərimizin cəmiyyətin gözündən düşməsinin səbəbi də budur: müəlliflərin naşirlərin işini görməsi. Hamımızı alverçi ediblər. Naşirlərin ən yüksək maaş verdikləri adamlar kitab satışını həyata keçirən agentlər olmalıdır. Bu adamlar bölgə insanlarının da diqqətini kitaba cəlb edə bilər. Bəzi bölgələrdə sərgilərə dəvət olunmuşam, getmişəm ki, kitablarım yoxdur. Yəni naşirlər mənim özümü aparıblar oxuculara, kitablarım qalıb Bakıda anbarda”.
Aqil Bəkir