Zaqatalada nəzarətsiz buraxılan mal-qara sakinlərin narazılığına səbəb olmaqla yanaşı, sürücülər üçün də ciddi təhlükə yaradır.
Shimal.News-a müraciət edən sakinlərin sözlərinə görə, xüsusilə Kəbəloba və Car kəndləri istiqamətində bu kimi hallar tez-tez baş verir.
Son günlər sosial şəbəkədə yayılan görüntülər də müzakirələrə səbəb olub. Videoda yola çıxan inəyin avtomobilin üzərinə qaçdığı, son anda isə nəqliyyat vasitəsindən yan keçdiyi görünür.
Sakinlərin sözlərinə görə, Zaqatala Rayon İcra Hakimiyyətinin arxasında da hər gün təxminən 10 baş inəyin nəzarətsiz şəkildə gəzdiyini görmək mümkündür.
Vətəndaşlar bildirirlər ki, nəzarətsiz heyvanlarla bağlı əvvəllər müəyyən tədbirlər görülüb və bu cür hallar azalıb. Onların fikrincə, həmin təcrübə yenidən tətbiq olunarsa, problemin qarşısını almaq mümkündür.
Sakinlər hesab edirlər ki, nəzarət və qaydaların tətbiqi ilə həm heyvanların, həm də sürücülərin təhlükəsizliyini təmin etmək olar.