Yay aylarında istirahət məkanlarında turistlərin və yerli sakinlərin qarşılaşdığı əsas problemlərdən biri təqdim olunan xidmətlə hesab arasında uyğunsuzluqla bağlı olur.
Shimal.News-un məlumatına görə, elə bir narazılıq Xaçmaz rayonunun Nabran qəsəbəsində fəaliyyət göstərən "Palermo" istirahət və əyləncə məkanında yaşanıb.
Məkanda istirahət edən Bakı sakini Nigar Əmirbəyova ona təqdim olunan hesabdan narazı qalıb və bununla bağlı iradını bildirib.
Şikayətçinin sözlərinə görə, hesabın ümumi məbləğinə əlavə olaraq "depozit" adı ilə ödəniş də daxil edilib. Bu da onun narazılığına səbəb olub.
Əmirbəyova, həmçinin masaya təqdim olunan qarpızın keyfiyyətindən narazı qaldığını və bunun üçün 35 manat hesablandığını iddia edib.
Turist xidmətin keyfiyyətini tənqid edərək bu cür halların turizm bölgələrinə gələn qonaqlarda mənfi təəssürat yaratdığını bildirib.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı "Palermo"nun mövqeyini dərc etməyə hazırıq.