Quba rayonunun II Nügədi kəndindən keçən Qaraçayın yatağında yaranmış vəziyyət sakinlərin narahatlığına səbəb olub.
Shimal.News-a danışan sakinlərin sözlərinə görə, ərazidə fəaliyyət göstərən daş karxanalarının işi nəticəsində çayın yatağı dərinləşib və sahillər dağılmağa başlayıb. Onlar bildirirlər ki, əvvəllər çay yatağı evlərdən təxminən 40-50 metr uzaqda olub. Hazırda isə məsafə bəzi hissələrdə 25-30 metrə qədər azalıb.
Sakinlər çayda suyun səviyyəsinin artması və sel gəlməsi zamanı axının yaşayış evlərinə doğru yönəlməsindən ehtiyat edirlər. Onların sözlərinə görə, bir neçə il əvvəl kəndi qorumaq üçün çay kənarında quraşdırılan bəzi qoruyucu qurğular da artıq sıradan çıxıb.
Sakinlər onu da iddia edirlər ki, çayın aşağı hissəsində yerləşən bəzi daş karxanalarında işlər hazırda da, xüsusilə axşam saatlarında davam edir.
Sakinlər ərazidə araşdırma aparılmasını və çayın yatağının təhlükəsiz vəziyyətə gətirilməsini istəyirlər.