Kəmaləddin Heydərovun iştirakı ilə şimal bölgəsindəki yanğınlarla mübarizə tədbirlərinə həsr olunmuş müşavirə keçirilib. Bu barədə ShimalNews 20 avqust tarixində FHN-ə istinadən məlumat verir.
Fövqəladə hallar nazirinin iştirakı ilə baş tutan iclasa Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və digər qurumların nümayəndələri qatılıblar.
Müşavirədə respublikanın şimal bölgəsində yanğınlarla bağlı son vəziyyət və yanğınların tam söndürülməsi istiqamətində atılacaq addımlar müzakirə olunub. Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları ərazisində baş vermiş yanğınlar nəzarətə götürülüb, bəzi tüstülənmə ocaqlarının söndürülməsi və soyutma işləri davam etdirilir.
General-polkovnik bildirib ki, yanğınların söndürülməsi əməliyyatlarına çox sayda insan qüvvəsi ilə yanaşı, “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 2 ədəd helikopter cəlb olunub.
Sonda nazir yanğın baş vermiş ərazilərə helikopterlə baxış keçirib.