Təhsil İnstitutu və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə beynəlxalq qiymətləndirmə düşərgəsi başa çatıb. Bu barədə ShimalNews 27 avqust tarixində Təhsil İnstitutuna istinadən məlumat verir.
Qubada 3 gün ərzində düşərgə keçirilib. Burada məqsəd müəllimlərin beynəlxalq qiymətləndirmə tədqiqatları barədə məlumatlılığını artırmaq, təhsildə qərarların verilməsində, təhsil siyasətinin formalaşmasında qiymətləndirmə tədqiqatlarının vacibliyini vurğulamaq, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdən ibarət olub.
Düşərgədə ümumtəhsil məktəblərinin 30 müəllimi iştirak edib. Onlar müxtəlif araşdırma və müzakirələrə cəlb olunmaqla PISA, PIRLS, TIMSS, ICILS və TALIS yönümlü mətn və tapşırıqların hazırlanması metodikaları ilə tanış olublar. Eləcə də iştirakçılar müvafiq səriştələri ölçməyə imkan verən tapşırıq nümunələri hazırlayıb və konstruktiv rəylər əsasında həmin tapşırıq nümunələrini inkişaf etdirmək imkanı əldə ediblər.
Yekunda iştirakçılara sertifikat verilib.