Xaçmaz rayonunda kiçikhəcmli gəmi istifadəçiləri təhlükəsizlik qaydaları ilə bağlı maarifləndiriliblər. Bu barədə ShimalNews 19 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
FHN tərəfindən İstisu qəsəbəsində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda təlim keçirilib.
Tədbirdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin texniki nəzarətin mövcud tələblərinə dair normalar izah olunub, bu tip su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin və sürücülük hüququ üçün sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb.
Daha sonra kollektiv və fərdi xilasedici vasitələrdən, naviqasiya avadanlıqlarından istifadə qaydaları ilə bağlı məlumat verilib. Sonda iştirakçılara maarifləndirici broşürlər paylanıb.