Biləsuvar, Salyan və Neftçala rayonlarından olan din xadimləri "Dini həmrəylik və birgəyaşayış" layihəsi çərçivəsində Qəbələ şəhərinə səfər ediblər.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə keçirilən səfər çərçivəsində müxtəlif bölgələrdən olan din xadimləri üçün ekspert mühazirələri təşkil olunub. Mühazirələr ölkədə tarixən formalaşmış tolerantlığın qorunub saxlanılması, dini dəyərlərin birləşdirici mahiyyəti, eləcə də Azərbaycanda dini müxtəliflik şəraitində qarşılıqlı hörmət, harmoniya və birgəyaşayış ənənələrinə həsr edilib.
Təqdimatla çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlov dini vəhdətin, eləcə də müxtəlif İslam məzhəblərinin nümayəndələri arasında qarşılıqlı anlaşma və əməkdaşlığın əhəmiyyətindən danışıb.
O, müasir dövrdə geosiyasi proseslərin və xarici radikal ideologiyaların təsirinin məzhəbçilik meyillərinin güclənməsi riskini artırdığını diqqətə çatdırıb. Məruzəçi bu cür qütbləşmənin cəmiyyətdə ayrı-seçkilik və parçalanmaya səbəb ola biləcəyini bildirərək, din xadimləri ilə ilahiyyatçı alimlər arasında bu istiqamətdə dialoq və fikir mübadiləsinin davamlı olmasının vacibliyini vurğulayıb.
Qurani-Kərim və hədislər əsasında müsəlman qardaşlığı, birlik və vəhdət prinsiplərini izah edən M.Mürsəlov tövhid, ədalət, mərhəmət və gözəl əxlaqın birləşdirici ortaq dini dəyərlər olduğunu bildirib. O, həmçinin Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin dini həmrəyliyin qorunmasındakı rolundan bəhs edib.
Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əhməd Niyazov isə dini həmrəylik və birgəyaşayış mövzusunun müasir cəmiyyətin mənəvi ehtiyacları, eləcə də tarixi-dini ənənələr baxımından zəruriliyinə toxunub.
O, XIX əsrdə Qafqazda mövcud olmuş dini-mənəvi mühit kontekstində İslamda birlik və vəhdət anlayışının əsas prinsiplərini təhlil edib. Məruzəçi etibarlılıq, təvazökarlıq, qarşılıqlı sevgi, insan hüquqlarına hörmət və ictimai məsuliyyətin dini həmrəyliyin əsasını təşkil etdiyini bildirib.
Ə.Niyazov dini fərqliliklərə hörmətlə yanaşmağın, əsassız ittihamlardan çəkinməyin və qarşılıqlı etimadı qorumağın birgəyaşayış mədəniyyətindəki roluna da toxunub. O, həqiqi birliyin fərqlilikləri inkar etməkdə deyil, ortaq mənəvi dəyərlər ətrafında birləşməkdə təzahür etdiyini vurğulayıb.
Qeyd edək ki, layihə çərçivəsində Biləsuvar, Salyan və Neftçala rayonlarından olan din xadimlərinin Qəbələ şəhərindəki müxtəlif tarixi və dini məkanları ziyarət etmələri də nəzərdə tutulub.