Xaçmaz rayonunun İdrisoba kəndində antisanitar vəziyyət kənd sakinlərinin narazılığına səbəb olub.
Sakinlər Shimal.News-a bildiriblər ki, bir vaxtlar təmizliyi ilə seçilən məhəllədə indi nəfəs almaq belə çətinləşib. Onların sözlərinə görə, kənd sakini İkram Zülfüqar oğlu Talıbov özünə məxsus təsərrüfatda saxladığı mal-qaranın ifrazat sularını ümumi istifadədə olan yola axıdır.
“Küçədə üfunətdən beyin çatlayır. Peyin yol kənarında qalaqlanıb, qoxusu bütün həyətlərə yayılır. Həşəratlar çoxalıb, axşamlar həyətə çıxmaq olmur. Yerli bələdiyyəyə, Xudat Polis Bölməsinə və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəfələrlə müraciət etmişik, amma heç bir tədbir görülmür”, – deyə sakinlər bildiriblər.
Kənd camaatı məsul qurumlardan təxirəsalınmaz tədbirlər görülməsini və antisanitar vəziyyətin aradan qaldırılmasını tələb edir.