2020-ci il dekabrın 1-də tarixi hadisə baş verdi — 28 il işğal altında olan Laçın rayonu bir güllə belə atılmadan Azərbaycana qaytarıldı.
Bu uğurun əsasında Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat dayanır.
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsində yüzlərlə kənd, qəsəbə və strateji yüksəklik azad edildi. Ordunun qətiyyətli əməliyyatları Ermənistanı kapitulyasiya sənədinə imza atmağa məcbur etdi və bunun nəticəsində Laçın rayonu döyüşsüz qaytarıldı.
2020-ci il dekabrın 1-də Azərbaycan Ordusunun bölmələri Laçına daxil olaraq üçrəngli bayrağımızı şəhər mərkəzində ucaltdı.
Hazırda Laçın rayonunda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Yeni yollar, yaşayış massivləri, mühəndis-kommunikasiya xətləri, su və enerji infrastrukturu qurulur, şəhər və kəndlər müasir tələblərə uyğun şəkildə yenidən salınır.
Prezident İlham Əliyevin iştirakı ilə Laçında bir sıra mühüm layihələrin — Laçın şəhərinin yenidən qurulması, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər–Laçın avtomobil yolu tunelinin təməlinin qoyulması — rayonun sürətli şəkildə dirçəldiyini göstərir.
Artıq bir neçə ailənin qayıdışı başlasa da, rayonun 80 minə yaxın sakini doğma yurda tam şəkildə dönüş gününü səbirsizliklə gözləyir.
Beş il əvvəl olduğu kimi, bu gün də Laçının azad olunması Azərbaycan xalqının birlik və iradə rəmzi kimi xatırlanır.
Qarabağ Azərbaycandır!