İsmayıllı kənd təsərrüfatı, turizm və təbii resurslar baxımından böyük potensiala malikdir. Bu potensialın reallaşdırılması üçün yol və kommunal infrastrukturun yaxşılaşdırılması, kəndlərin sosial təminatının gücləndirilməsi və məşğulluq imkanlarının artırılması vacibdir".
Bunu deputat Novruz Aslan Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat rayonun təbii qazla təminatı məsələsinə də toxunub. O bildirib ki, İsmayıllının dağlıq relyefi və qış aylarında sərt iqlim şəraiti təbii qaza tələbatı artırır:
"Bu günədək İsmayıllı rayonunun təbii qaza daha çox ehtiyac duyulan 10-a yaxın kəndi hələ də qazla təmin olunmayıb. Bəzi kəndlərin ətrafından qaz xətləri keçməsinə baxmayaraq, həmin yaşayış məntəqələrinə qaz təchizatı təmin edilməyib. Buna Balik və Vəng kəndlərini misal göstərmək olar.
Nəticədə sakinlər, xüsusilə qış aylarında istilik və məişət ehtiyaclarını alternativ vasitələrlə qarşılamaq məcburiyyətində qalırlar. İsmayıllının qazlaşdırılmamış kəndlərinin təbii qazla təmin olunması sosial zərurət kimi qiymətləndirilməli və növbəti ilin büdcəsində investisiya və infrastruktur planlaşdırılması zamanı nəzərdə tutulmalıdır".
Mənbə: BizimMedia