Bu gün Vətən müharibəsi şəhidi Elvin Məmmədovun dünyaya göz açdığı gündür.
Shimal.News xəbər verir ki, Elvin Mahmud oğlu Məmmədov 1992-ci il oktyabr ayının 3-ü Zaqatala şəhərində anadan olub.
Ailədəki üç qardaşın ən kiçiyi olan Elvin 1999-cu ildə Zaqatala rayon Şıxəli Qurbanov adına 3 saylı orta məktəbdə təhsil almağa başlayıb.
Orta məktəbi bitirdikdən sonra, 2010-2014-cü illərdə Gürcüstanın Şərqi Avropa İnstitutunun Maliyyə-kredit fakültəsində ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra 2014-cü ildə hərbi xidmətə yollanıb və xidmət dövründə snayperçi kimi fəallıq göstərib. 2015-ci ildə tərxis olunub.
2019-cu ildə ailə həyatı quran Elvin Məmmədovun bir qız övladı var.
Elvin Məmmədov 2020-ci il sentyabrın 21-də Vətən müharibəsinin ilk günlərində könüllü olaraq yenidən ordu sıralarına qoşulub. O, 15 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində yaralı döyüş yoldaşlarını döyüş bölgəsindən çıxararkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.