2026-cı ildə Şəki rayonunun təsərrüfatlarında 1850 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Əkin sahələrinin 1500 hektarına "Virciniya botaniki" növlü, 350 hektarına isə digər tütün sortlarının əkilməsi nəzərdə tutulur.
AZƏRTAC-ın məlumatına görə, bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun böyük məsləhətçisi Nizami İsmayılov məlumat verib.
Qurum rəsmisi bildirib ki, hazırda əhaliyə məxsus şəxsi təsərrüfatlarda tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən hazırlıq işləri görülür. Toxum səpiləcək sahələr şumlanır, hamarlanır, səpin üçün hazır vəziyyətə gətirilir. Tütün şitillərinin yetişdirilməsi üçün fevralın əvvəlindən etibarən təsərrüfatlarda 52 min kvadratmetr sahədə sadə istixanaların hazırlanması işlərinə başlanılacaq.
Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1805,5 hektar sahədən 5418,4 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 890,4 ton artıb.