Bu gündən "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayıb. Yeni qatar xəttinin istifadəyə verilməsi bölgə sakinləri tərəfindən böyük məmnunluqla qarşılanıb.
Shimal.News xəbər verir ki, bu marşrut Gəncə–Mingəçevir–Gəncə xəttindən sonra ADY-nin ikinci regiondaxili sərnişindaşıma layihəsidir. Yeni xətt regionlararası nəqliyyat əlaqələrinin genişlənməsinə, bölgələrdə mobilliyin və nəqliyyat əlçatanlığının artmasına mühüm töhfə verəcək.
Sərnişinlər müasir, rahat oturacaqlarla təchiz olunmuş elektrik qatarları ilə səyahət edəcəklər. Qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə yola düşəcək. Səfərin müddəti cəmi 1 saat 50 dəqiqə təşkil edir.
Ümumi uzunluğu 139 kilometr olan marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiyalarında da minmək və düşmək imkanı yaradılıb. Qatarlarda standart, standart+, biznes və birinci sinif üzrə səyahət variantları mövcuddur.
Biletlərin qiyməti də sərnişinlər üçün əlverişlidir. Gəncə–Qəbələ istiqamətində minimal qiymət 4,3 manat, Ləki–Qəbələ istiqamətində isə 1,7 manat təşkil edir.
Yeni marşrutun istifadəyə verilməsi Gəncə, Qəbələ və ətraf rayon sakinlərinin rahat və təhlükəsiz səyahət imkanlarını daha da genişləndirəcək.