Bu gün rejissor, aktyor və Xalq artisti Ələsgər Şərifovun anım günüdür.
Azərbaycan teatrının tanınmış rejissorlarından olan Ələsgər Məmmədtağı oğlu Şərifov 25 dekabr 1909-cu ildə Şamaxıda imkanlı ailədə anadan olub. Onun altı yaşı olanda ailəsi Bakıya köçüb və Ələsgər burada məktəbə gedib. Həmin illərdə Bakı teatrının ən görkəmli simalarından biri, aktyor və rejissor, təşkilatçı Abbasmirzə Şərifzadə Ələsgərin əmisi oğlu idi. Təbii ki, bu, onun qəlbində səhnə sənətinə maraq oyanmasında mühüm rol oynayıb.
Ələsgər Şərifov Bakıda Nəriman Nərimanov adına texnikumun elektromexanika fakültəsinin axşam şöbəsinə daxil olub. Eyni zamanda 1923-cü ildə açılan teatr texnikumunun ilk tələbələri sırasında təhsil alıb. Tələbəlik illərində Mustafa Mərdanovun, Mirseyfəddin Kirmanşahlının, Süleyman Səlimbəyovun ayrı-ayrı vaxtlarda rəhbərlik etdikləri Şvarts adına klubun dram dərnəyində "İblis" (Hüseyn Cavid), "Aydın", "Sevil", "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Qaçaqlar" (Şiller), "Qaçaq Kərəm" (Vano Mçedaşvili) tamaşalarında baş rolları oynayıb. Həmçinin Akademik teatrın tamaşalarında epizod rollarda səhnəyə çıxıb. 1926-cı ildə texnikumun buraxılış kursunda oxuyan Ələsgər Şərifov imtahanları vaxtından əvvəl verərək Moskvaya ali təhsil almağa gedib. Ancaq orada oxumaq ona iki il sonra nəsib olub. Buna görə Bakıya qayıdaraq aktyor işləyib.
Moskvada Teatr Sənəti İnstitutunun eksperimental teatr emalatxanasında islahatçı rejissor Vsevolod Meyerxoldun kursunda iki il təhsil alıb. Ali rejissor diplomu ilə Bakıya gələndə Akademik Milli Dram Teatrının yaradıcı heyətinə qəbul olunub. Az sonra Azərbaycanın kənd və rayonlarında əhalinin mədəni səviyyəsini yüksəltmək məqsədilə Bakıda kolxoz-sovxoz Teatrı yaranıb və oranın bədii rəhbərliyi Ələsgər Şərifova tapşırılıb. Səyyar fəaliyyət göstərən kollektiv ilin üç-dörd ayını Bakıda olub tamaşalar hazırlayır, sonra həmin repertuarla rayonlara gedib tamaşalar göstərirdi. Gənc rejissor həmin teatrda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun", Sabit Rəhmanın təbdil etdiyi "Varlı gəlin", Cəfər Cabbarlının "Almaz", "Sevil", "Yaşar" pyeslərinə quruluşlar verib.
İlin müxtəlif aylarında boş qalan Ələsgər Şərifov 1932-ci ildə Akademik teatrda Rza Darablı, Rza Təhmasib, İsmayıl Hiday- zadə ilə birgə Hüseyn Cavidin "Şeyx Sənan" faciəsinə rejissorluq edib.
Müəyyən təcrübə toplayan Ələsgər Şərifov 1934-cü il iyun ayının 11-də Milli Dram Teatrına rejissor götürülüb. 1935-ci ildə bu teatrda ilk müstəqil işi kimi Qurban Musayevin "Qızıl çeşmə" dramına quruluş verib. Teatrda Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (1938, 1940, 1948, 1957), İmran Qasımovun "Arzu" (1938), Məmmədhüseyn Təhmasibin "Bahar" (1940), "Aslan yatağı" (1942), Cəfər Cabbarlının "Oqtay Eloğlu" (1940), "Sevil" (1944), "Od gəlini" (1951 və 1961), Abdulla Şaiqin "Nüşabə" (1946), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (1948), Cabbar Məcnunbəyovun "Məhəbbətin hökmü" (1962), Hüseyn Cavidin "Səyavuş" (1963), Qeybulla Rəsulovun "Söz yarası" (1966), Mirzə İbrahimovun "Közərən ocaqlar" (1967), Seyfəddin Dağlının "Mənziliniz mübarək!" (1971) pyeslərinin quruluşçu rejissoru olub.
Xidmətlərinə görə “Qırmızı əmək bayrağı”, iki “Şərəf nişanı” ordeni və bir neçə medallarla təltif edilib.
Ələsgər Şərifov 17 iyun 1943-cü ildə “Azərbaycan SSR-nin Əməkdar artisti”, 24 may 1960-cı ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.
1982-ci il sentyabrın 9-da Bakıda vəfat edib.