Bu gün şəhid Cəlil Xeyrullayevin anım günüdür.
Shimal.News-un məlumatına görə, Cəlil Mürvət oğlu Xeyrullayev 1989-cu il mayın 16-da Quba rayonunun İkinci Nügədi kəndində anadan olub.
1996-2007-ci illərdə İkinci Nügədi 3№-li kənd tam orta məktəbində təhsil alıb. Məktəbdə oxuduğu illərdə "Cəsurlar" komandasının üzvü olan Cəlil Xeyrullayev "Şahin" hərbi-idman oyunlarının rayon birinciliyindəki müvəffəqiyyətli çıxışlarına görə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub.
O, 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
2012-ci ildən isə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib. 2012-2018-ci illərdə Quba rayonunda yerləşən "N" saylı hərbi hissədə "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin, 2018-ci ildən isə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə "Pələng" Xüsusi Təyinatlı Dəstəsində xidmət edib.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Cəlil Xeyrullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəlil Xeyrullayev oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. Quba rayonunda dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.