Əli bəy Harun oğlu Zizikski 1874-cü ildə Qubada anadan olub. Zizikski Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü idi.
O, Sankt Peterburqda (Rusiya) hərbi təhsil alıb. 1917-ci ilin Fevral inqilabından sonra kapitan Zizikski Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən Quba qəzasının komissarı təyin edilmişdi (müavini Mir Cəfər Bağırov idi). O, Rusiya imperiyasında 1917-ci il oktyabr çevrilişindən sonra, qəzanın Bakı Sovetinin nəzarətinə keçməsinin qarşısını almağa çalışmışdır.
Əli bəy Zizikski Azərbaycanda 1918-ci il mart soyqırımı zamanı, öz dəstələri ilə Dağıstandan Bakının köməyinə gələn Nəcməddin Qotsinskinin (Şimali Qafqaz dağlılarının azadlıq hərəkatı liderlərindən biri) alaylarına qoşulmuşdur və müdafiə qüvvələrinə rəhbərlik etmişdir. 1918-ci ilin mayında Əli bəy Zizikski Quba şəhərini Bakı Sovetinin qüvvələrindən azad edilməsində mühüm rol oynamışdır.
1918-ci ildə artıq polkovnik rütbəsində olan Zizikski, paytaxt valisinin müavini təyin edilmiş, eyni zamanda, Quba qəzasından Azərbaycan Parlamentinə üzv seçilmişdir. O, Parlamentdə "İttihad" fraksiyasını təmsil edirdi. 1919-cu ilin aprelində "İttihad" partiyasının birinci və 1920-ci ilin yanvarında ikinci qurultaylarında, partiyanın Mərkəzi Komitəsinə üzv seçilmişdir.
1929-cu ilin sentyabr ayında ölüm cəzasına məhkum olunmuşdur. Hal-hazırda onun yaşadığı evin yerində Zizik kənd tam orta məktəbi yerləşir. Quba şəhərində küçələrdən biri onun adını daşıyır.
Mənbələr: