Qubalı yazıçı Rahim Dünyamalı 9 sentyabr 1995-ci ildə Qubada ov tüfəngi ilə intihar edib. İntihar səbəbi hələ də məlum olmasa da, bununla bağlı bir neçə fikir mövcuddur.
Tənqidçi Vaqif Yusiflinin dediklərinə görə, intiharın səbəblərindən biri Rahimin ömrünün son illərini “cəhənnəm”dəki kimi yaşaması olub. Rahimə qiymət verənlərin olmaması və onun maddi problemlərinin mövcudluğu onu bu addıma vadar edib.
Həmçinin Vaqif Yusiflinin sözlərindən: “Rahim həvəskar yaradıcılıqdan professional yazıçılığa qədər bir uzun, bəlkə, hər günü onun ömrünü əridən yol keçmişdi. Ürəkdən yazmaq ehtirası, cümlələr sel kimi axıb gəlir, yığıb-yığışdıra bilmirsən... Nəşriyyatların qapısı isə boz, redaktorların gözləri soyuq, baxışları qurum bağlayıb. Redaksiyalar uzun müddət Rahim Dünyamalını - Qubadan Bakıya yol ölçən bir cavanı yaxına buraxmırdılar. Amma Rahim bütün bu maneələri öz əsəbləri, dözümü ilə sındıra, qopara bildi”.
Şair Zakir Məmmədin sözlərinə görə, Rahimin intihar səbəbi onun yaradıcılığı ilə bağlıdır. Onun əsərlərindəki xarakterlərdə olan coşqunluq, emosionallıq, daxili narahatlıq Rahimin özünə də təsir edirdi.
Zakir Məmmədin digər ehtimalı yazıçının intiharının cəmiyyət qanunlarına etirazı ilə bağlıdır. Zakir Məmməd belə deyir: “Barmağı ömür boyu mənəvi bir silahın tətiyində olan yazıçının insan daxilində qıvrılıb yatmış insanlara, gürzələrə atəş açması labüd (mütləq) idi. O, atəş açmaqla sanki sonuncu ədəbi cümləsini yazıb, tamamlamaq istəmişdi”.
Rahim Həmdulla oğlu Dünyamalı 18 dekabr 1948-ci ildə Quba rayonunun Zizik kəndində anadan olub. O, “Bir gecənin bəyazlığı”, “Torpaqdan güc alanda”, “Yadigar qaranquşlar”, “Tərsinə addımlayan kölgələr” kimi əsərlərin müəllifidir. Yazıçı Qubanın Zizik kəndində dəfn olunub.
İstinad edilən mənbələr: