Dədəli kəndi Xaçmaz rayonunda, Qusarçayın sahilində, Samur-Dəvəçi ovalığında yerləşir.
Bəzi mənbələrdə kəndin əsl adı “Ərəbdədəli” kimi qeyd olunurdu. Bunun səbəbi isə dədəlilərin ərəbdədəli tayfasına mənsub olması ehtimalıdır. Lakin sonralar oykonimin tərkibindəki “ərəb” sözü düşmüşdür.
XVIII əsr rus hərbi qulluqçusu Pyotr Butkovun Qafqaz tarixi haqqında topladığı materiallarda Dədəli kəndinin adı çəkilir.
Ehtimal edilir ki, Dədəli kəndinin tarixi Dədə Qorqudun dövrünə gedib çıxır. Həmçinin kəndin adını “Koroğlu” dastanının qəhrəmanları ilə bağlayırlar. Dastanın lüğətində “dəli” - “igid, qəhrəman” deməkdir. Koroğlunun 10 dəlisi (igidi) bu kənddən olduğu üçün buraya “dəh dəli”, yəni “10 dəli” adı verilib. Ehtimal edilir ki, məhz buna görə kəndin adı “Dədəli” kimi formalaşıb.
Kənddən bir neçə çay keçir ki, onlardan ən böyüyü Qusarçaydır. Bu çay öz başlanğıcını Qusardan alır və Dədəlinin cənub sərhədi rolunu oynayır.
“Qafqaz təqvimi”nin 1910-cu il məlumatına görə, Dədəli kəndinin əhalisinin sayı 18 nəfər təşkil edib. 2009-cu ilin rəsmi məlumatına görə, bu kənddə 1162 nəfər yaşayıb.
İstinad edilən mənbələr: