Zaqatalada fəaliyyət göstərən böyük it sığınacağı maddi çətinliklə üzləşib.
Shimal.News xəbər verir ki, sığınacağın rəhbəri, heyvansevər Nizami Ramazanov mövcud vəziyyətlə bağlı məlumat verib.
“Naynuxana Shelter” adı ilə tanınan bu sığınacaqda hazırda 400-ə yaxın it saxlanılır. Onlar küçələrdən toplanaraq buraya gətirilir, tibbi yardım göstərilir, qısırlaşdırılır və qayğı ilə təmin olunurlar.
Sığınacağa hər həftə Bakından 3 dəfə olmaqla, 1 ton yem gətirilir. Bu isə aylıq təxminən 4000 manat xərc tələb edir. Lakin son aylarda maliyyə çatışmazlığı səbəbindən yem borcları ödənilə bilmir və heyvanların qidalanmasında çətinlik yaranıb.
Nizami Ramazanov bildirib ki, sığınacağa dəstək göstərənlərin sayı azalıb və vəziyyət getdikcə ağırlaşır.