Qəhvəyi mərmər bağacığı böcəklərinin Balakən və Zaqatala rayonlarında təsərrüfatlara yayılması sakinlərin ciddi narahatlığına səbəb olub.
Bizim.Media-nın məlumatına görə, böcəklərə qarşı tədbirlər də artıq fayda vermir.
Zaqatalanın Əliabad qəsəbəsi, Yengiyan, Mosul, Kəpənəkçi istiqamətində yerləşən yaşayış məntəqələrində sakinlər problemin hər gün böyüdüyünü, böcəklərin sayının günü-gündən artdığını bildirdilər.
“Bu böcəklərin qoxusundan, qorxusundan xəstəxanalıq olanlar oldu, həftə ilə şişi getmir, allergiyası olanlar var. Deyirlər təmizləyin, tozsoranla yığın. Daha texnikanın da gücü çatmır”, - deyə Yengiyan kənd sakini Nargül Qurbanova deyib.
Sakinlər bağacıqları mexaniki üsulla və tozsoranla məhv edib çatdıra bilmədikləri üçün bitki mühafizə mərkəzinə müraciət ediblər.
Mütəxəssislər bildirirlər ki, hazırda rayonlarda kənd təsərrüfatı bitkiləri və təbii flora üçün təhlükəli hesab edilən qəhvəyi mərmər bağacığının qışlama yerlərində müşahidə tədbirləri davam etdirilir, yerli sakinlər maarifləndirilir, müraciətlər əsasında ərazilərdə kimyəvi tədbirlər davam etdirilir.