Xaçmazın Xudat şəhərində antisanitar vəziyyət yaranıb.
“ShimalNews” xəbər verir ki, bu barədə sakinlər şikayət edib. Onlar bildiriblər ki, Mərkəzi Məlikanə küçəsi, “Sovxoz” kimi tanınan ərazidə yaşayan vətəndaşlar zibil maşını gəlmədən küçəyə öz tullantılarını yığırlar. Bu da ətrafda zibillərin artmasına nəticədə isə üfunətin yayılmasına səbəb olur. Şikayətçilərin sözlərinə görə, yaxınlıqda Uşaq Musiqi Məktəbinin, körpələr evinin və məktəbin olmasına baxmayaraq laqeydlik göstərilir:
“Hər həftənin cümə günü xüsusi avtomobil gəlir və tullantıların toplandığı yeri təmizləyir. Lakin sakinlər bura zibili həftə boyu yığmamalıdır, vaxtında gətirməlidirlər. Neçə dəfə bu vəziyyətə görə irad bildirmişəm, savaşmışam, amma vecilərinə də deyil. Həyətdə qoxu və milçək əlindən oturmaq olmur”, - deyə sakin bildirib.
Sakinlər onu da qeyd ediblər ki, məsələdən aidiyyatı qurumlar xəbərdardırlar:
“Əvvəllər zibil qutuları indiki “Foodcity Agropark” aqrokompleksinin ərazisində yerləşirdi, sonra onlar oradan götürüldü və tullantılar Mərkəzi Məlikanə küçəsinə toplanmağa başlanıldı. Nəticədə də bu cür vəziyyət yarandı”.