Ötən həftə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 7-10 oktyabr tarixlərində keçirilən müsahibə mərhələsinin nəticələri açıqlanıb. Xaçmaz rayonunda fəaliyyət göstərən coğrafiya müəllimi İlqar Hacıyev də yüksək nəticə əldə edənlərdən biri olub. O, sertifikasiya imtahanının test mərhələsindən mümkün 60 baldan 57 bal, müsahibə mərhələsində isə mümkün 40 baldan 40 bal toplayaraq uğur qazanıb.
Shimal.News-un məlumatına görə, İlqar İlham oğlu Hacıyev 1996-cı il iyunun 5-də Xaçmaz rayonunun Yataqoba kəndində anadan olub. 2016–2021-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Tarix-Coğrafiya müəllimliyi” ixtisası üzrə təhsil alıb. 2021-ci ildən Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında uğur qazanaraq Ağyazı Buduq kənd tam orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyət göstərir.
Beş illik pedaqoji fəaliyyəti ərzində İlqar müəllim daim peşəkar inkişafına önəm verdiyini bildirir:
“Bu nəticə mənə bir daha göstərdi ki, müəllim daim öz üzərində işləməli, yenilikləri izləməli və tədris prosesinə tətbiq etməlidir. Sertifikasiya imtahanı mənim üçün həm biliklərin yoxlanılması, həm də gələcək inkişaf istiqamətlərimin müəyyənləşdirilməsi baxımından dəyərli oldu”.