Oktyabrın 26 axşam saatlarında Xaçmaz rayonunun İlxıçı kəndi yaxınlığında yerləşən fermada oğurluq hadisəsi baş verib.
Quba rayonunun Rük kənd sakini, fermer Şövkət Zeynalovun sözlərinə görə, ona məxsus 12 baş iribuynuzlu mal-qara naməlum şəxslər tərəfindən oğurlanıb.
Zərərçəkən bildirib ki, hadisə nəticəsində ona təxminən 30 min manat zərər dəyib. O, heyvanları bank krediti ilə aldığını və hazırda çətin vəziyyətdə qaldığını qeyd edib:
“Axşam saat 6 radələrində mallarımı aparıblar. Heyvanlar yataqda olublar, bizi güdüblər. Biz təsərrüfat işində olanda gəlib götürüblər. Bu heyvanları bank pulu ilə almışam. Təxminən 30 min manat ziyan çəkmişəm. Yalnız bir dənə buzov qalıb”.
Fermer heyvanlarının tez bir zamanda tapılmasını və hadisəni törədən şəxslərin cəzalandırılmasını istəyir. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.