Cəmi 31 il yaşasa da, vətən üçün özünü odun-alovun içinə atmaqdan qorxmadı, çəkinmədi. Arəstə Vətən müharibəsinin ilk və yeganə hərbçi qadın şəhidi kimi titula sahib oldu. Arəstə Baxışova şəhadətə ucalmaqla Azərbaycan qadınının müharibədəki cəsarət simvoluna çevrildi. O, adını Vətən müharibəsinin tarixinə elə həkk etdi ki, kiçikdən böyüyə hamı xatırlaya bilsin.
Vətən müharibəsinin yeganə xanım şəhidi 4 may 1989-cu ildə Xaçmaz şəhərində doğulub.
Atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olarkən vəfat edib.
Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində ingilis dili üzrə təhsil alıb. 2018-19-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.
2020-ci ildə Vətən müharibəsi başlayanda Arəstə anasına zəng edib könüllü olaraq cəbhəyə yollanıb.
Onun cəbhədəki vəzifəsi yaralı əsgərlərə ilk tibbi yardım göstərib onları döyüş bölgəsindən uzaqlaşdırmaq olub. Onlarla yaralı əsgər onun göstərdiyi düzgün ilk tibbi yardım sayəsində həyatda qalıb, ailəsinə qovuşub.
Çavuş Arəstə Baxışova Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə ən qaynar nöqtədə, elə döyüş meydanında tibbi yardım göstərib. O, 1 aya qədər müddətdə kişilərlə çiyin-çiyinə gah səngərdə, gah meşədə yaralılara ana-bacı olub. Başına güllə yağa-yağa yaralanan hərbçi qardaşlarını böyük əziyyətlə atəş altından çıxarıb, neytral əraziyə gətirib. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı yaralı zabiti döyüş meydanından çıxararkən şəhidlik məqamına yüksəlib. Arəstə Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra “Vətən uğrunda” medalı və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan “Florence Nightingale” medalı ilə təltif edilib.
Vətən müharibəsinin tək qadın şəhidi olan Arəstənin Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb.