Şəki Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Etibar Usubovun işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Pravda.az-ın məlumatına görə, 2022-ci il noyabrın 15-də Oğuz rayonunun Xaçmaz kəndində baş verən yol qəzası nəticəsində kənd sakini, 32 yaşlı Səxavət Atakişiyev dünyasını dəyişib.
Qəzanı idarə etdiyi “Traktor MTZ-82.1” markalı qoşqulu texnika ilə törətdiyi bildirilən 60 yaşlı Etibar Usubov saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.
Oğuz Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib və 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Daha sonra həm Etibar Usubov, həm də dövlət ittihamçısı həmin hökmdən apellyasiya qaydasında şikayət veriblər.
Şəki Apellyasiya Məhkəməsində hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən iclasda hər iki müraciətə baxılıb.
Məhkəmənin qərarına əsasən, Etibar Usubovun apellyasiya şikayəti təmin edilib, dövlət ittihamçısının protesti isə rədd olunub. Beləliklə, Oğuz Rayon Məhkəməsinin hökmü ləğv edilib, Etibar Usubov bəraət alıb. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri də ləğv edilib.
Qeyd edək ki, qəza zamanı həlak olan Səxavət Atakişiyev Vətən müharibəsi iştirakçısı olub.