Bu gün şəhid Şahin Allahyarovun anım günüdür.
Şahin Hüseynbala oğlu Allahyarov 1993-cü il yanvarın 29-da Hacıqabul rayonunda anadan olub. 1995-ci ildən Quba rayonunda yaşayıb. 1999-2010-cu illərdə Quba rayonu Zizik kənd Əliyar Rüstəmov adına tam orta məktəbdə təhsil alıb.
O, 2011–2012-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətinə davam edib. Allahyarov əvvəlcə, Zaqatala Sərhəd Dəstəsində müxtəlif vəzifələrdə, 2019-cu ildən isə Qazax Əlahiddə Sərhəd Diviziyasında "kəşfiyyatçı" vəzifəsində xidmətini davam etdirib.
Azərbaycan Ordusu Sərhəd Qoşunlarının baş giziri olan Şahin Allahyarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahin Allahyarov noyabrın 1-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Quba rayonunun Zizik kəndində dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Allahyarova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.