Mövsümün ilk və ən irimiqyaslı "Payız Əfsanələri 2025" İncəsənət Müsabiqəsi adlı tədbir yekunlaşıb.
Shimal.News-un əldə etdiyi məlumata görə, Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin şagirdi Ofeliya Ağayeva 3-cü qızıl medalını qazanıb. Gülnar Əliyeva isə 2-ci qızıl medala sahib olub.
Tədbir Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının tərəfdaşlığı ilə Bakıda yerləşən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunub. Burada ölkəmizin müxtəlif bölgələrindən olan iştirakçılar bir araya gətirilib.
"Payız Əfsanələri" layihəsi artıq səkkizinci ildir ki, təşkil olunur və ən istedadlı gənc və uşaq ifaçıları bir səhnədə toplayır. Azərbaycan Rəqs Assosiasiyasının prezidenti və layihənin təsisçisi Əziz Əzizov bildirib ki, müsabiqənin əsas məqsədi - istedadlı uşaqları və gəncləri dəstəkləmək, onların səhnə təcrübəsi qazanmasına və yaradıcılıqlarını inkişaf etdirməsinə şərait yaratmaqdır.
