Quba rayonunda iki qadın arasında yaranan mübahisə xəsarətlə nəticələnib.
Hadisə bu ilin yanvarın 18-də rayonun kəndlərindən birində baş verib. Məlumata görə, kənd sakini — 1977-ci il təvəllüdlü Əsmər, qonşusu İlhamə ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı Əsmər əlindəki odun parçası ilə İlhamənin üz nahiyəsinə zərbə endirib.
Hadisədən sonra qadının barəsində Cinayət Məcəlləsinin 128-ci — yəni qəsdən sağlamlığa zərər vurma maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmədə ifadə verən Əsmər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, qonşusu İlhamə ilə əvvəllər də aralarında mübahisələr yaşanıb. Hadisə günü İlhamənin həyətə çirkab suyu tökdüyünü gördüyünü, bu səbəbdən aralarında söz-söhbət düşdüyünü deyib. Əsmərin sözlərinə görə, qarşı tərəf onu təhqir edib və nəticədə əlbəyaxa dava yaranıb.
Zərərçəkmiş İlhamə isə ifadəsində bildirib ki, həmin gün bulaqdan su gətirərkən Əsmər pəncərədən ona nalayiq ifadə səsləndirib. Qadın evə qayıdanda Əsmər onun qarşısını kəsərək hücum edib və odun parçası ilə vurub. İlhamə aldığı xəsarət nəticəsində huşunu itirib və xəstəxanaya yerləşdirilib.
Məhkəmədə məlum olub ki, tərəflər sonradan barışıblar. Zərərçəkmiş qadın şikayətini geri götürüb.
Hakim bu halları nəzərə alaraq, təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verib. Nəticədə Əsmər cinayət məsuliyyətindən azad edilib.