Qubada ayı yerli sakinə xəsarət yetirib. Hadisə Yerfi kəndi ərazisində baş verib.
Shimal.News-un əldə etdiyi məlumata görə, Qubanın Vladimirovka kənd sakini, 36 yaşlı Azər İsgəndərov qoyun saxladığı təsərrüfatda olarkən ayı hücumuna məruz qalıb. O, hadisə zamanı sağ ayağından və bədənindən yaralanıb, daha sonra huşunu itirib.
“Kolların dibindən çıxıb üzərimə cumdu. Caynağı ilə ayağımı və bədənimi cırdı”, – deyə zərərçəkən bildirib.
Hadisə zamanı sürünü müşahidə edən çoban itləri ayının üstünə hücum edərək onu uzaqlaşdırmağa nail olublar. Xəsarət alan şəxs təcili tibbi yardım vasitəsilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumat üçün bildiririk ki, son dövrlərdə Qubada ayıların təsərrüfatlara və mal-qaraya hücum halları artıb. Xüsusilə gecə vaxtları kəndlərdə görünən ayılar sakinlərdə qorxu hissi yaradır.
Ekoloqlar isə hesab edirlər ki, belə halların qarşısının alınması üçün sakinlər məsuliyyətli olmalıdırlar.