Ötən həftə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 7-10 oktyabr tarixlərində keçirilən müsahibə mərhələsinin nəticələri açıqlanıb. Quba rayonunda fəaliyyət göstərən ingilis dili müəllimi Telli Baxşəliyeva bu mərhələdə yüksək nəticə əldə edənlər arasında olub.
Shimal.News-un məlumatına görə, Telli Ağamalı qızı Baxşəliyeva 1995-ci il oktyabrın 7-də Bakı şəhərində anadan olub.
Orta təhsilini 83 saylı məktəb-liseydə aldıqdan sonra 571 balla Azərbaycan Dillər Universitetinin İngilis dili müəllimliyi ixtisasına qəbul olunub.
Tədris fəaliyyətinə Quba rayonu Pirvahid kənd tam orta məktəbində başlayan Telli Baxşəliyeva ilk pedaqoji təcrübəsini orada qazanıb. Sonradan Amsar kənd tam orta məktəbində üç il çalışaraq müəllimlik təcrübəsini daha da təkmilləşdirib.
2025-ci ildə həm Müəllimlərin işə qəbulu (MİQ), həm də sertifikatlaşdırma imtahanında iştirak edən müəllim, MİQ mərhələsində 81,9 bal toplayaraq Quba üzrə birinci yerin sahibi olub. Sertifikatlaşdırmada isə test mərhələsində 54, müsahibə mərhələsində isə 40 bal toplayaraq uğurlu nəticə göstərib.
Hazırda Telli Baxşəliyeva Quba şəhər Hacıbaba Əliyev adına 1 saylı tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyətini davam etdirir.