Qaxdan olan iki gənc — Vüqar Qurbanlı və Nihad Tağıyev ixtisas seçimi zamanı abituriyentlərə kömək edəcək bir startap qurublar. Onlar “Uniaz” adlı layihələrini bu il ixtisas seçimlərindən öncə təqdim ediblər.
Layihənin istifadəyə verildiyi ilk həftələrdə istifadəçi sayı 3 minə çatıb. Daha sonra sayta maraq azaldığından, gənclər platformaya tələbələr üçün yeni, faydalı funksiyalar əlavə ediblər.
Valyuta.az-ın məlumatına görə, “Uniaz” startapının müəllifləri hazırda Memarlıq və İnşaat Universitetinin İT ixtisası üzrə 3-cü kurs tələbələridir.
“Abituriyentlərin məlumat çatışmazlığı içində olduqlarını görürdük. Məqsədimiz ixtisas seçimini daha asan, şəffaf və məlumatlı şəkildə etməyə imkan verən bir platforma yaratmaq idi. “Uniaz” komandamızın ilk startap təcrübəsidir və təhsil sahəsindəki real problemdən yaranıb”.
“Artıq 50 səhifəlik jurnalı vərəqləməyə ehtiyac yoxdur. Sadəcə topladığın balı daxil edirsən və sistem sənə uyğun ixtisasları göstərir”.
İlk çətinliklər və uğurlar
Vüqar Qurbanlı deyir ki, ilk mərhələdə ən böyük çətinlik layihəni daha geniş auditoriyaya çatdırmaq olub:
“Texniki və idarəetmə təcrübəmiz az idi, bir çox prosesi “səhv edib-öyrənmə” üsulu ilə mənimsədik. Amma zamanla həm texniki biliklərimizi, həm də istifadəçi yönümlü yanaşmamızı təkmilləşdirdik. İndi artıq 25 mindən çox istifadəçimiz var”.
“Məqsədimiz təhsil ekosistemində real dəyər yaratmaqdır. “Uniaz” tədricən gənclərin təhsil qərarlarını daha ağıllı və məlumatlı şəkildə verməsinə kömək edən rəhbər platformaya çevriləcək”, – deyə Vüqar Qurbanlı qeyd edib.