Azərbaycanın səfalı guşələrindən biri olan Oğuz rayonunun ən yaşlı sakini Xaçmaz kəndindədir.
Modern.az-ın məlumatına görə, 88 yaşlı Hüseyn Kərəm oğlu Məmmədov ömrünü təhsilə və zəhmətə həsr edən insandır.
O, 1937-ci il fevralın 15-də Xaçmaz kəndində anadan olub və ömrü boyu doğma kəndindən ayrılmayıb. Uzun illər ibtidai sinif müəllimi kimi çalışaraq neçə-neçə şagirdin savadlı və vətənpərvər yetişməsində böyük pay sahibi olub.
Hazırda Hüseyn Məmmədovun 7 övladı — 3 qızı və 4 oğlu, 15 nəvəsi və 25 nəticəsi var. Təəssüf ki, onun ömür-gün yoldaşı Kamilə Hidayət qızı Məmmədova bir müddət əvvəl vəfat edib.
Zəhmətsevər Hüseyn kişi kənd təsərrüfatı işlərindən də uzaq olmayıb. Oğlunun sözlərinə görə, atasının uzunömürlülüyünün sirri Oğuzun təmiz havası, təbii qidalar və daim fiziki fəallıqla məşğul olmasıdır.
Bu gün Hüseyn Məmmədov ailəsinin sevgisi, nəvə-nəticələrinin qayğısı içində ömrünün müdriklik çağını yaşayır. O, həm sadə müəllim, həm də zəhmət və təvazökarlığın simvolu kimi həmkəndlilərinin yaddaşında dərin iz buraxıb.
Qeyd edək ki, hazırda Oğuz rayonunda yaşı 80-dən yuxarı 425 nəfər yaşayır. Onlardan 245-i qadın, 180-i isə kişidir.