Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qəbələ rayonunda “Gənc arıçı” layihəsinin iştirakçılarından biri olan Qafarovlar ailəsinin qonağı olub.
Shimal.News xəbər verir ki, görüş Mıxlıqovaq kəndində baş tutub. Leyla Əliyeva ailə üzvləri ilə səmimi söhbət aparıb, onların layihə çərçivəsində qazandıqları təcrübə və gələcək planları ilə maraqlanıb.
Qafarovlar ailəsi bu layihənin həyata keçirilməsi təşəbbüsünə və Leyla Əliyevanın şəxsən ziyarətinə görə səmimi minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, gənc arıçı Lalə Qafarova ötən il 40 kiloqram, bu il isə 100 kiloqram bal istehsal edib. O, həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə ötən ay Kəlbəcərdə keçirilən Bal Festivalında “Gənc arıçı” layihəsinin iştirakçısı kimi çıxış edərək öz məhsullarını alıcılara təqdim edib.
Qeyd edək ki, 2021-ci ildən etibarən IDEA İctimai Birliyinin təşəbbüsü, Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və ABAD publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən “Gənc arıçı” layihəsinin əsas məqsədi regionlarda gənc ailələrin arıçılığa marağını artırmaq, onların məşğulluğunu və ekoloji cəhətdən dayanıqlı ailə bizneslərini dəstəkləməkdir.
