Quba rayon sakini, 42 yaşlı Tofiq bu il fevralın 17-də Abşeron rayonunda yerləşən kirayə yaşadıqları evdə həyat yoldaşı Naibəyə (adlar şərtidir - red.) xəsarət yetirib.
Demokrat.az-ın məlumatına görə, mübahisə Tofiqin mütəmadi olaraq alkoqol qəbul etməsi və ailəsini Quba rayonuna köçürmək istəməsi ilə bağlı yaranıb.
Həyat yoldaşı Naibə isə uşaqların təhsilini əsas gətirərək, Xırdalanı tərk etmək istəməyib.
Mübahisə zamanı spirtli içkinin təsiri altında olan ər arvadına yumruq, təpik və ayaq zərbələri endirib, həmçinin evin qapısını onun üzərinə itələyərək xəsarət yetirib.
Hadisədən sonra qadın evi tərk edib. Polisə müraciət əsasında Tofiq barəsində Cinayət Məcəlləsinin 129-cu (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs istintaq və məhkəmə zamanı özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, Naibə ilə 2002-ci ildən qeyri-rəsmi, 2011-ci ildən isə rəsmi nikahda yaşayır və üç övladları var.
Abşeron Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında məlum olub ki, tərəflər barışıb və zərərçəkmiş şikayətini geri götürüb. Bu səbəbdən məhkəmə cinayət təqibinə xitam verib və Tofiq cinayət məsuliyyətindən azad edilib.