"Toxumçuluğun normativ-hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə “Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb. Bu qanunun qəbul olunması ölkədə toxum istehsalının artmasına xidmət edəcək".
Kənd Təsərrüfatı Nazirliyindən Shimal.News-a verilən məlumata görə, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Dayanıqlı kənd təsərrüfatında toxumçuluğun rolu” mövzusunda konfransda bildirib.
“Ölkəmizdə elmi-tədqiqat institutları ilə özəl toxumçuluq təsərrüfatlarının sıx əməkdaşlıq etməsi, elm və istehsalat əlaqələrinin güclənməsi özəl sektorun yeni yaradılmış bitki sortlarına marağını artırır. Seleksiya nailiyyətlərinin qeydiyyatı və toxum sertifikatlaşdırılması proseslərinin institusional potensialının gücləndirilməsi istiqamətində FAO ilə birgə layihələr həyata keçirilir. Həmçinin, toxumçuluğun normativ-hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə “Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb. Bu qanunun qəbul olunması ölkədə toxum istehsalının artmasına xidmət edəcək.
Ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, məhsuldar, xəstəlik və zərərvericilərə qarşı davamlı yeni sort və hibridlərin yaradılmasından asılıdır. Bu işdə alimlərimizin üzərinə xüsusi vəzifələr düşür. Bu istiqamətdə özəl sektor nümayəndələrini alimlərlə birgə tədqiqat işlərində iştirak etməyə çağırıram”- deyə nazir qeyd edib.