Şəki Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən, 29 yaşlı Amil Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Oxu.az-ın məlumatına görə, keçirilən iclasda hökm elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxs üç il müddətinə azadlıqdan məhrum edilib. Lakin Cinayət Məcəlləsinin yetmişinci maddəsinin tətbiqi ilə cəza şərti hesab olunub.
İttihama görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, keçmiş hərbçi 2 Amil Bədəlov 2020-ci ildə torpaqlarımızın azadlığı üçün başlayan Vətən müharibəsinə qoşulanda mobil telefonunu həyat yoldaşına verib. Döyüşlərdən qayıtdıqdan sonra yeni nömrə əldə edib və əvvəlki nömrə həyat yoldaşının istifadəsində qalıb.
Bu ilin yanvarın altısında, 31 yaşlı Fariz Bəyalıyev rayon ərazisində tanışı ilə yeyib-içəndən sonra Amilə görüntülü zəng vuraraq onu məclisə dəvət etmək istəyib. Lakin zəng cavabsız qalıb. Daha sonra Fariz digər nömrəyə zəng edib. Həmin nömrə isə Amilin həyat yoldaşına məxsus olub.
Zəngi cavablandıran keçmiş döyüşçü, söhbət zamanı onun niyə həyat yoldaşına zəng etdiyini soruşmaq üçün tanışı ilə görüşməyə qərar verib. O, evdən çıxarkən özü ilə bıçaq götürüb və deyilən ünvana yollanıb.
Görüş zamanı Fariz telefonunda həmin nömrənin Amilin adı ilə qeyd olunduğunu göstərsə də, tərəflər arasında mübahisə yaranıb. Əsəblərinə hakim ola bilməyən kişi tanışına ürək nahiyəsindən zərbə endirib.
Hadisədən dərhal sonra o, polisə məlumat verib və hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qeyd edək ki, adıçəkilən şəxs Vətən müharibəsində iştirakına görə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” və “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medallarla təltif edilib.